COP29-da iştirak edən CAR nümayəndə heyətinin rəhbəri: Azərbaycanın təşkilatçılıq təcrübəsi digər dövlətlər üçün nümunədir

Tokio, 13 dekabr, /AJMEDIA/

Dekabrın 12-də Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyinin müvəqqəti işlər vəkili Hüseyn Rəhimli Pretoriya şəhərində COP29 zamanı CAR nümayəndə heyətinə başçılıq edən bu ölkənin Ətraf mühiti, meşə təsərrüfatı və balıqçılıq naziri Dion Corc ilə görüşüb.

Səfirlikdən AJMEDIA-ya bildirilib ki, söhbət zamanı Dion Corc Azərbaycana səfəri zamanı onda yaranan xoş təəssüratları bölüşüb, ölkəmizə səfərini, habelə COP29-da iştirakını, eləcə də Bakıda keçirdiyi xoş anları heç vaxt unutmayacağını söyləyib.

O, zəngin Azərbaycan mətbəxinin ləziz təamlarından danışıb, ona Azərbaycanda göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Nazir dövlətin bu tədbiri uğurla həyata keçirmək üçün ciddi öhdəliklər götürdüyünü dilə gətirərək, Prezident İlham Əliyevin tədbirin təşkilinə xüsusi diqqət ayırdığını, Azərbaycanın mühüm qlobal tədbirləri yüksək peşəkarlıqla keçirməyə qadir olduğunu vurğulayıb.

“Müxtəlif xarici dövlətlərdən gələn rəsmi nümayəndə heyətlərinin, o cümlədən çox sayda əcnəbi qonağın hava limanında qarşılanması, mehmanxanada xidmətin təşkili, habelə nəqliyyat və təhlükəsizlik məsələlərinin həlli, eləcə də sərgi pavilyonlarında rahatlığın və geniş imkanların yaradılması ölkəniz haqqında ilk andan xoş təsəvvür yaradan amillər idi”,- deyə o əlavə edib.

D.Corc Afrika dövlətlərinə dəstək verilməsi məsələsinin Azərbaycanın gündəliyində yer almasından məmnunluq duyduğunu bildirərək, Bakıda qəbul edilmiş qərarların həm Afrika dövlətləri, həm də inkişaf etməkdə olan iqtisadiyyatlar üçün bu sahədə yeni layihələrin həyata keçirilməsində vasitə olacağına əminliyini qeyd edib.

Azərbaycanın dünya miqyaslı məsələlərin səmərəli şəkildə müzakirəsinin təşkili və mühüm razılaşmaların əldə edilməsində ev sahibliyini böyük əzmkarlıq və peşəkarlıqla həyata keçirməyə qadir olduğunu deyən nazir, ölkəmizin bu sahədəki təcrübəsinin digər dövlətlər üçün nümunə olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin Dion Corca Bakıda keçirilmiş iqlim konfransında fəal iştirakına və əvəzsiz töhfəsinə görə COP29 Sədrliyi adından təşəkkür məktubu təqdim edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts