COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçiriləcək

Tokio, 7 noyabr, /AJMEDIA/

Noyabrın 14-də Bakıda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçiriləcək.

Bakı Olimpiya Stadionunda, Mavi Zonada baş tutacaq tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) və “Apolitical Group Limited”in birgə təşkilatçılığı ilə reallaşdırılacaq.

Bu barədə AJMEDIA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu interaktiv dialoqu və əməkdaşlığı təşviq etmək üçün hökumətlərin, beynəlxalq təşkilatların, aparıcı ekspertlərin və akademik dairələrin nümayəndələrini bir araya gətirəcək. Müzakirələr dövlət xidmətlərinin yaşıl idarəçilik və iqlim hədəflərinə transformasiyası istiqamətində qabaqcıl təcrübələrin, yeniliklərin və strategiyaların paylaşılması üçün platforma olacaq.

Forumda Azərbaycanın “ASAN xidmət” modeli kimi innovativ modellərinin davamlı infrastruktura, inklüzivliyin təşviqinə və iqlim dəyişikliklərinə cavab vermək üçün beynəlxalq əməkdaşlığa necə töhfə verə biləcəyi vurğulanacaq. Həmçinin yaşıl texnologiyaların genişləndirilməsində, qabaqcıl idarəçiliyin inkişaf etdirilməsində və dövlət xidmətlərinin ətraf mühitə, sosial davamlılığa uyğunlaşdırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti diqqət mərkəzində olacaq.

Tədbirdə ümumilikdə 7 beynəlxalq təşkilatın və 20-yə yaxın ölkədən aidiyyəti nazirliklərin rəhbərləri və müxtəlif şirkətlərin, elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts