Tokio, 30 may , /AJMEDIA/
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BMT-nin Baş katibinin köməkçisi, qurumun İnkişaf Proqramının Administratorunun köməkçisi və Avropa və MDB ölkələri üzrə Regional bürosunun direktoru xanım İvana Jivkoviç ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AJMEDIA-ya verilən məlumata görə, görüşdə ölkəmizin inkişaf hədəflərinə çatmaq üçün BMT və onun ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığının əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, BMT və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair imzalanan Çərçivə Sənədinin icrası ölkəmizdə aparılan islahatlarda, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında, habelə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan regionda ilk, dünyada 10 ölkədən biri olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərlə bağlı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat təqdim edib. Ölkəmiz tərəfindən növbəti – 4-cü Könüllü Milli Hesabat bu ilin iyul ayında təqdim ediləcək.
Görüşdə BMT-nin İnkişaf Proqramı ilə uğurlu tərəfdaşlıq çərçivəsində reallaşdırılan layihələrin dayanıqlı inkişafa nail olunmasında önəmi vurğulanıb, COP29-a hazırlıq çərçivəsində BMT-nin İnkişaf Proqramının dəstəyi ifadə olunub, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri barədə müzakirə aparılıb.