Tokio, 8 noyabr, /AJMEDIA/
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və 2024-cü ildə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Moldovanın paytaxtı Kişineuda ağacəkmə aksiyası keçirilib.
AJMEDIA xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyi, Kişineu şəhər Meriyası, BMT-nin Moldovadakı Rezident Əlaqələndiricisinin Ofisi və Moldova Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü, təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında Kişineunun vitse-meri İrina Qutnik, Moldova Respublikası parlamentinin deputatı Vitali Jakot, BMT-nin Moldovadakı Rezident Əlaqələndiricisi Miloş Popoviç, diaspor nümayəndələri, ictimai fəallar iştirak ediblər.
Kişineunun Bukuriya küçəsindəki parkda dekorativ bənövşəyi alma ağaclarından ibarət xiyaban salındıqdan sonra çıxış edən Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev bildirib ki, COP29 iqlim dəyişikliyinə qarşı mübarizəyə öz töhfəsini verəcək.
“Bu gün Kişineuda həyata keçirilən bu aksiya da yaşıl həmrəyliyin bariz nümunəsidir. Azərbaycan dövləti iqlim dəyişiklikləri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verir və bu istiqamətdə layihələri gerçəkləşdirir”, – deyə səfir əlavə edib.
Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov isə çıxışında bildirib ki, bu aksiyalar dünya birliyinin diqqətini ekologiyaya cəlb etmək baxımından önəmlidir. Moldovada Azərbaycan diasporu həmişə yaşıl həyat naminə müxtəlif aksiyalar keçirib və bu istiqamətdə işlərini davam etdirəcək.
Kişineunun vitse-meri İrina Qutnik, Moldova Respublikası parlamentinin deputatı Vitali Jakot, BMT-nin Moldovadakı Rezident Əlaqələndiricisi Miloş Popoviç isə çıxışlarında ətraf mühitin qorunması istiqamətində reallaşdırılan bu cür aksiyaların əhəmiyyətindən danışıblar. Həmçinin Bakıda keçiriləcək COP29-un dünyada iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verəcəyini vurğulayıblar.
Qeyd edək ki, aksiya iştirakçılarının səyi nəticəsində Kişineunun Bukuriya küçəsindəki meydanda 21 ağacdan ibarət yeni xiyaban salınıb.