“CNNTürk”: COP29 qlobal ekoloji gündəliyin formalaşdırılması kontekstində diqqətəlayiqdir

Tokio, 14 oktyabr, /AJMEDIA/

Türkiyənin “CNNTürk” telekanalı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti ilə bağlı reportaj hazırlayıb.

AJMEDIA xəbər verir ki, “COP29-a 29 gün qalmış” adlı reportajda qeyd olunur ki, COP29 iqlim konfransı qlobal istiləşmənin qarşısının alınması və istixana qazları emissiyalarının azaldılması üçün qlobal yolların tapılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Reportajın müəllifi, professor Murat Ferman əvvəlki konfransın – BƏƏ-də keçirilən COP28-in nəticələrini xatırladaraq, dünyanın 118 ölkəsinin 2030-cu ilədək atom elektrik stansiyalarından və bərpaolunan enerji mənbələrindən istifadənin üç dəfə artırılması ideyasını artıq dəstəklədiyini xatırladıb.

Reportajda orta illik temperatur səviyyələri ilə sübut olunduğu kimi, qlobal istiləşmənin artması istiqamətində davam edən tendensiyaya diqqət yetirilir. “Alimlərin fikrincə, planetdə havanın orta temperaturu sənayedən əvvəlki dövrü rekord həddə – 1,5 dərəcə Selsi ötüb. Bütün bunlar insan fəaliyyətinin, əsasən qazıntı yanacaqlarından istifadənin, meşələrin qırılmasının və kənd təsərrüfatı sektorunun inkişafının nəticəsidir”, -deyə materialda daha sonra qeyd edilir.

Telekanalın reportajında, həmçinin hökumətlər tərəfindən ekoloji problemlərin həlli yollarının axtarışından, o cümlədən vergilərin tənzimlənməsi və yaşıl texnologiyaların stimullaşdırılmasından bəhs olunur.

Professor Ferman vurğulayır: “Kənd təsərrüfatı fəaliyyəti istixana qazlarının üçdəbirinə qədər emissiyasına cavabdehdir. Ətraf mühitin çirklənməsinin miqyası artır. Kimyəvi gübrələr suyun saflığı və qida təhlükəsizliyi üçün böyük problem yaradır. BMT-nin məlumatına görə, dünyanın münbit torpaqlarının 40 faizə qədəri çirklənib və ya deqradasiyaya uğrayıb”.

Reportajın müəllifi, həmçinin ətraf mühitə atılan ərzaq məhsullarının həcminə də diqqət yetirir. Onun sözlərinə görə, bu tullantıların həcmi ildə 1,5 milyard tona çatıb ki, bu da bütün dünya istehsalının üçdəbirinə bərabərdir və 3 milyard insanın ehtiyaclarını ödəyə bilər.

“CNNTürk”ün reportajında diqqətə çatdırılır: “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının əvvəlki sessiyalarının nailiyyətlərini və nöqsanlarını nəzərə alaraq, Bakıda keçirilən COP29 kollektiv səylərin müzakirəsi və qlobal ekoloji gündəliyin formalaşdırılması kontekstində diqqətəlayiqdir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts