Tokio, 18 fevral, /AJMEDIA/
Çinli atlet Qu Eylin “Pekin-2022” Qış Olimpiya Oyunlarında ikinci qızıl, ümumilikdə isə üçüncü medalını qazanıb.
AJMEDIA xəbər verir ki, 18 yaşlı idmançı Qu Eylin fristayl xizəkçiliyinin friskay hafpayp növündə qadın atletlər arasında 95,25 xalla birinci olub. İkinci və üçüncü yerləri kanadalı Kasi Şarp (90,75 xal) və Raçel Karker (87,75 xal) tutublar.
Olimpiya oyunlarında debüt edən Qu Eylin “Pekin-2022”də fristayl xizəçkiliyinin friskay biq eyr növündə qızıl, friskay slopstayl növündə isə gümüş medal qazanıb. Qu Eylin bir Olimpiya Oyunlarında fristayl xizəkçiliyin 3 fərqli növündə medal qazanan ilk idmançı kimi tarixə düşüb.
Qeyd edək ki, San-Fransiskoda doğulan Qu Eylinin atası amerikalı, anası çinlidir. O, beynəlxalq yarışlarda 2019-cu ilin sentyabrınadək ABŞ-ı təmsil edib. Ondan sonra isə Çin bayrağı altında çıxış edir. 2020-ci il yeniyetmələrin Qış Olimpiya Oyunlarında 2 qızıl və bir gümüş, ötən il dünya çempionatında isə 2 qızıl və bir bürünc medal qazanıb.
“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar. İndiyədək 25 ölkənin atletləri 92 dəst medal qazanıblar. Medal sıralamasına 14 qızıl, 7 gümüş və 8 bürünc medalla Norveç başçılıq edir. Onun ən yaxın izləyicisi Almaniya 10 qızıl, 7 gümüş və 5 bürünc medal əldə edib. Üçüncü yerdə 8 qızıl, 8 gümüş və 5 bürünc medalla ABŞ komandası qərarlaşıb. Ev sahibi Çinin aktivində 8 qızıl, 4 gümüş və 2 bürünc medal var.