Tokio, 28 mart , /AJMEDIA/
Çinin maliyyə mərkəzi və ən iri liman şəhəri olan Şanxayda COVID-19 virusuna yoluxmaların çoxalması səbəbindən 2 mərhələdə qapanma tətbiq olunacaq.
AJMEDIA şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, martın 28-dən aprelin 1-dək davam edəcək birinci mərhələdə Huanpu çayının şərq sahilində qapanma tətbiq olunacaq. Şəhərin əsas beynəlxalq hava limanının və maliyyə rayonunun yerləşdiyi Pudon adlı həmin ərazidə bu müddətdə sakinlərin evlərini tərk etməsinə icazə verilməyəcək. Bundan başqa, şəhərdaxili avtobusların, metronun, taksilərin, bərələrin hərəkəti dayandırılıb. Virusa yoluxmaları müəyyən etmək üçün qapanma tətbiq olunan ərazidə kütləvi test prosesi həyata keçirilir.
Aprelin 1-dən 5-dək isə Huanpu çayının qərb sahilində (Pusi adlanan ərazi) eyni qaydada qapanma tətbiq olunacaq və kütləvi test prosesi aparılacaq. Kütləvi test prosesinə qoşulmayan sakinlərin sağlamlıq haqqında elektron arayışları (QR kod) ləğv olunacaq və onların ictimai məkanlara girişinə icazə verilməyəcək. Bundan başqa, epidemiya əleyhinə qaydalara tabe olmayanlar qanunlara uyğun olaraq cəzalandırılacaq. Qapanma tətbiq olan ərazilərdəki müəssisələr qapalı rejimdə fəaliyyət göstərəcək və ya mümkün olduğu halda əməkdaşlar evdən distant formada çalışacaqlar. Bu, Çində Uhan qapanmasından sonra ən irimiqyaslı qapanmadır. Hazırki qapanma elan olunanadək Şanxayın bir neçə məhəlləsində artıq qapanma tətbiq olunurdu. Bundan başqa, bəzi iş yerləri, mədəniyyət və istirahət mərkəzləri, o cümlədən “Disneyland”, “Tesla” avtomobil zavodu fəaliyyətini dayandırıb. Martın 11-dən isə Şanxayın bütün orta məktəblərində əyani tədris müvəqqəti olaraq dayandırılıb.
Şəhərdə virusa yoluxmaların çoxalması fonunda sərgi zalları və idman kompleksləri simptomsuz və yüngül simptomlu pasiyentlərin yerləşdirilməsinə başlanılıb. Epidemiya ilə mübarizə üçün Çinin digər bölgələrindən Şanxaya tibb işçiləri ezam olunub.
Qeyd edək ki, martın əvvəlindən etibarən Çinin müxtəlif yaşayış məntəqələrində, eləcə də 25 milyon əhalisi olan Şanxayda virusa yoluxmalar davamlı çoxalır. Ötən sutka Çinin 74 şəhərində COVID-19 virusuna (əsas hissəsi “omikron” ştamı) 1219 təsdiqlənmiş və 4996 asimptomatik (xəstəlik əlaməti olmayan) yerli yoluxma aşkarlanıb. Bu, pandemiyanın hazırki dalğasında Çində sutkalıq ən yüksək göstəricidir. Elə ötən sutka Şanxayda qeydə alınan yoluxmalar da (50 təsdiqlənmiş və 3450 asimptomatik hal) şəhər üzrə antirekorddur.
Simptomsuz xəstələrin təcrid olunması üçün Şanxayda 7 xüsusi yer hazırlanıb ki, onun ikisi stadiondur. Bundan başqa, “Şanxay 2010” sərgisinin keçirildiyi konvensiya mərkəzi martın 26-dan etibarən simptomsuz və yüngül COVID-19 pasiyentlərini qəbul etməyə başlayıb.