Tokio, 16 may , /AJMEDIA/
İqtisadiyyat naziri Mikayıl Cabbarov “China Energy International Group Co., Ltd.” şirkətinin sədri Lü Dzesianqla görüşüb.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, görüşdə Azərbaycan və Çin Xalq Respublikası arasında ticarət və investisiya əlaqələrinin uğurla inkişaf etdiyi və ölkəmizin qarşılıqlı əlaqələrə böyük önəm verdiyi vurğulanıb. Ölkəmizin Çində sayca 6-cı ticarət evinin fəaliyyətə başladığı qeyd olunub. Eyni zamanda, Çin sərmayəli şirkətlərin ölkəmizdə fəaliyyət göstərdiyi, uğurlu investisiya əməkdaşlığı həyata keçirildiyi bildirilib.
Azərbaycanın əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən güzəştlər barədə məlumat verilib. Ölkəmizin zəngin bərpaolunan enerji potensialı, yaşıl enerji keçidinin sürətləndirilməsi, bərpaolunan enerji texnologiyalarının tətbiqi ilə bağlı görülən işlər nəzərə çatdırılıb. Yaşıl enerji sahəsində qabaqcıl təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlıq imkanları vurğulanıb, bu sahədə potensial layihələr müzakirə edilib.
Tərəflər, həmçinin Azərbaycanda yaşıl hidrogen və yaşıl ammonyak istehsalı imkanları barədə fikir mübadiləsi aparıblar. İşğaldan azad edilmiş ərazilərimizdə günəş enerjisinin istifadəsi üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Gələcək əməkdaşlığın hər iki tərəf üçün qarşılıqlı faydalar gətirəcəyinə əminlik ifadə olunub.