Cənubi Koreya Misirə 1,65 milyard dollar dəyərində “K-9” qurğuları satacaq

Tokio, 3 fevral, /AJMEDIA/

Cənubi Koreya ilə Misir arasında 1,65 milyard ABŞ dolları dəyərində “K-9 Thunder” özüyeriyən artilleriya qurğularının alqı-satqısı haqqında müqavilə imzalanıb. Bu, Cənubi Koreya artilleriya silahlarının Afrika qitəsinə ilk ixracı olacaq.

AJMEDIA xəbər verir ki, müqavilə “K-9” özüyeriyən artilleriya qurğularını istehsal edən “Hanwha Defence” şirkəti ilə Misir Müdafiə Nazirliyi arasında paytaxt Qahirədə imzalanıb. Razılaşma “K-9” qurğularının Misirdə istehsalı üçün müvafiq texnologiyanın Afrika ölkəsinə transferini də nəzərdə tutur.

Misir Cənubi Koreyanın “K-9” qurğularının ixrac ediləcəyi 8-ci ölkədir. Bundan əvvəl Türkiyə, Polşa, Hindistan, Norveç, Finlandiya, Estoniya və Avstraliya ilə özüyeriyən artilleriya qurğularının satışına dair müqavilələr imzalanıb. “K-9 Thunder” artilleriya qurğusunun texnoloji transferi ilk dəfə Türkiyəyə həyata keçirilib və 2004-cü ildən etibarən “T-155 Fırtına” adı ilə istehsal olunmağa başlayıb. Türkiyədə 280 ədəd “Fırtına” istehsal edilərək ordunun ixtiyarına verilib.

Qeyd edək ki, çəkisi 47 ton, uzunluğu 12 metr olan “K-9 Thunder” özüyeriyən artilleriya qurğusunun heyəti 5 nəfərdən (komandir, topçu, 2 nəfər yükləyici və sürücü) ibarətdir. Maksimum atəş məsafəsi mərminin növündən asılı olaraq 18-54 kilometr arasında dəyişir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts