Cəbrayıl şəhərinin azad olunmasının 4-cü ildönümü tamam olur

Tokio, 4 oktyabr, /AJMEDIA/

2020-ci ilin payızında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusu düşmən hücumunu dəf edərək əks-hücuma keçdi. Hərbiçilərimizin göstərdiyi şücaət sayəsində Füzuli və Cəbrayıl istiqamətində bir-birinin ardınca yaşayış məntəqələri və strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

Vətən müharibəsinin 8-ci günü, oktyabrın 4-də isə Prezident İlham Əliyevin müraciəti bütün dünyada yaşayan azərbaycanlıların qəlbini qürur və sevinc hissi ilə doldurdu. Həmin müraciəti həyəcansız dinləmək mümkün deyildi: “…Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”.

Cəbrayıl şəhərinin azad edilməsi barədə xəbər, Böyük Zəfərə aparan yolda şəhərlərin erməni işğalçılarından təmizlənməsi barədə ilk müjdə idi.

Araz çayının sahilində yerləşən Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədinin bərpası da təmin edildi.

Bu gün həmin unudulmaz tarixdən dörd il ötür. Cəbrayıl şəhəri 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ərazisi 1050 kvadratkilometr olan rayon erməni quldur birləşmələrinin işğalına məruz qalmışdı. Bir şəhərdən, 4 qəsəbədən və 92 kənddən ibarət olan rayonda həmin vaxt 52 min 604 nəfər yaşayırdı.

Ötən il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.
Azərbaycan işğal edilmiş digər rayonlarında olduğu kimi, Cəbrayıl rayonunda da ermənilərin insanlıağa yaraşmayan, əsil vandalism hərəkətləri ilə tahış olmaq olar. İşğal dövründə Cəbrayıl rayonunnun yaşayış məntəqələri tamamilə dağıdılmış, tarixi və dini abidələri yerlə-yeksan edilmişdi.

Xatırlatmaq yerinə düşər ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından cəmi üç ay sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olundu. 2016-cı ildə Aprel döyüşləri zamanı Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi həmin kənddə yaşayışa şərait yaratdı.

Cəbrayıl şəhərinin erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçünş imkan yaratdı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni separatçılarından təmizlənməsi Ordumuzun qəhrəmanlığı nəticəsində mümkün oldu.

Hazırda Cəbrayıl rayonunda da böyük yenidənqurma və bərpa işləri davam etdirilir, sakinlərin öz doğma ocaqlarında firavan yaşaması üçün lazım olan infrastruktur yaradılır. Prezident İlham Əliyev Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir.

Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, obyektlərin tikintisi ilə tanış olub.

İşğaldan azad edilmiş Cəbrayılda indi genişmiqyaslı quruculuq işləri aparılır. Cari il sentyabrın 26-da isə Cəbrayıl şəhərinə köç başlayıb. Artıq şəhər ilk sakinlərini qoynuna alıb. İndiyədək 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts