Tokio, 13 iyul , /AJMEDIA/
XX əsr Azərbaycan rəssamlıq məktəbində iz qoymuş sənətkarlardan biri də Vidadi Nərimanbəyovdur. Azərbaycanın Xalq rəssamı, “Şöhrət” ordeni laureatı, Qrekov adına gümüş medalın sahibi, dünyaşöhrətli şəxsiyyət, Azərbaycan təsviri incəsənətinə böyük töhfə vermiş Vidadi Nərimanbəyov 1926-cı il iyulun 13-də Fransanın Kann şəhərində Fərman Nərimanbəyovun ailəsində dünyaya göz açıb. 1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır. 1930-cu il avqust ayının 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu Toğrul dünyaya gəlir. Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Vidadinin tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir. Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü qara buludlar alır. Toğrulun atası o zaman Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır, onu həbs edib Sibirə sürgünə göndərirlər.
Ardınca 1941-ci ildə Fransa vətəndaşlığından çıxmayan Toğrulun anası İrma Lya Rude Bakıda həbs edilir. Ananı öz balalarından ayırırlar. İrma xanımı Özbəkistana – Səmərqəndə sürgün edirlər. O, 1961-ci ilə qədər sürgündə yaşamağa məcbur olur. Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərirmanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Belə ki, Vidadi Nərimanbəyov əvvəlcə rəssamlıq təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunda, sonra isə V.Muxina adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında davam etdirir. Bu təhsil ocaqlarında dövrünün böyük rəssamlarından dərs alan Vidadi Nərimanbəyov yaradıcılığında ənənələrə sadiq qalıb.