Bu gün Xalq artisti Yusif Muxtarovun doğum günüdür

Tokio, 22 iyul , /AJMEDIA/

Bu gün Xalq artisti Yusif Muxtarovun doğulduğu gündür.
AJMEDIA xəbər verir ki, anadan olmasının 82-ci ildönümü tamam olan Yusif Muxtarov yaşadığı 69 il ərzində bir çox uğurlara imza atıb.
1941-ci il iyulun 22-də anadan olan Yusif Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində rejissor Adil İsgəndərovun kursunda təhsil alıb. 1964-1994-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində diktor, ictimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb.
Otuz il ərzində onun səsində lentə alınan 350-dən artıq ədəbi-bədii veriliş radionun “Qızıl fond”una daхil olub. Y.Muxtarovun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilib. UNESCO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklərdə Azərbaycan dili onun səsində təqdim olunur.
O, həm də klassik şeirimizin təbliğatçılarından biri idi. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi. Y.Muxtarov deyirdi ki, radionun öz dili, öz ahəngi var: “Hər şeydən əvvəl, radioda orfoqrafiya qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembri müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları təqdimatda əsas götürülməlidir”.
Azərbaycan kino tarixinə düşmüş bir neçə ekran əsərində – rejissor Fikrət Əliyevin 1974-cü ildə quruluş verdiyi “Baladadaşın ilk məhəbbəti” filmində Murad, 1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasında Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi”ndə iclas iştirakçısı, 1990-cı ildə yazıçı Natiq Rəsulzadənin “İntihar edənin qeydləri” povestinin motivləri əsasında rejissor Əbdül Mahmudbəyovun quruluş verdiyi “Gecə qatarında qətl” filmində Paxan obrazlarını oynayan sənətkar, hər üç filmdə bir-birindən fərqli xarakter yaradıb. Kinodakı əsas fəaliyyəti onlarla filmlərin Azərbaycan dilində səslənməsində misilsiz хidmətləri ilə bağlı olan Y.Muxtarov, həmin filmlərə öz səs ahəngiylə yanaşmış, peşə sevgisinə daima sədaqətli olmuşdur.
Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Yusif Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnindən dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. Böyük məsuliyyət hissi ilə öyrəndiklərini eyni həvəslə gənclərə öyrətməyin peşəkarı olan Y.Muxtarov geniş səs diapazonuna malik bir sənətkar olması ilə yanaşı, eyni zamanda sevib-seçdiyi sənətlə bağlı maraqlı, orijinal düşüncələrə də malik idi. Onun tanıyanlar deyirlər ki, Y.Muxtarov harada çalışmasından asılı olmayaraq efir onun üçün öz müqəddəsliyini qoruyub saxlayırdı. Mikrofon önündə öz səsi ilə sanki portret yaradırdı. Dinləyiciləri onun oxuduğu mətnlərin təkcə məzmun və mahiyyətini deyil, həm də təqdimat estetikasını yüksək qiymətləndirirdi. Sadəcə diktorluq və aktyorluq qabiliyyəti ilə deyil, həm də zəngin mənəvi xarakteri ilə seçilirdi.
1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli aktrisa Amaliya Pənahova ilə birgə Bakı Bələdiyyə Teatrını yaradıb. Ömrünün sonuna kimi bu teatrın sərəncamçı direktoru olub, sənət ocağının yaranmasında, fəaliyyətində və inkişafında böyük rol oynayıb. Bakı Bələdiyyə Teatrının Azərbaycan Ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkilinə görə 2005-ci ildə Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. 1999-cu ildə Türkiyənin İstanbul Hərbi Hava Akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq teatr festivalının qızıl medalı ilə təltif edilib.
Qeyd edək ki, Xalq artisti Yusif Muxtarov 2010-cu il aprelin 26-da vəfat edib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts