Bu gün Ümumdünya Su Günüdür

Tokio, 22 mart , /AJMEDIA/

Hər il martın 22-də Ümumdünya Su Resursları Günü və ya Ümumdünya Su Günü qeyd olunur.

Bu günün keçirilməsi ideyası ilk dəfə 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında (UNCED) səsləndirilib. BMT Baş Assambleyası 1993-cü il fevralın 22-də qətnamə qəbul edərək martın 22-ni Ümumdünya Su Günü elan edib. Bu əlamətdar günün məqsədi əhalinin içməli su ilə təminatı probleminin həlli üçün müvafiq tədbirlər görülməsinə kömək etmək, şirin su ehtiyatlarının və bütövlükdə su ehtiyatlarının mühafizəsi və mühafizəsinin vacibliyi barədə ictimaiyyəti məlumatlandırmaq, Ümumdünya Su Gününün qeyd olunmasına hökumətləri, beynəlxalq agentlikləri, qeyri-hökumət təşkilatlarını və özəl sektoru cəlb etməkdir.

AJMEDIA xəbər verir ki, Ümumdünya Su Gününün builki devizi “Sülh üçün su” adlanır.

Suyun keyfiyyətinin pis olması səbəbindən hər il 1,4 milyon insan həyatını itirir

Su bəşəriyyətin mövcudluğu üçün lazımdır. Bir damla suyun da gücü var. Yer səthinin 70 faizi su ilə örtülsə də, su ehtiyatlarının 97,5 faizi duzlu sudur. Qalan 2,5 faiz şirin suyun, demək olar ki, 68,7 faizi buzlaqların payına düşür. Planetin ümumi su ehtiyatlarının yalnız bir faizi insanların istifadəsi üçün mövcuddur. Bu gün dünya əhalisinin demək olar ki, yarısında – 3,6 milyard insanın təhlükəsiz kanalizasiya sisteminə, 2,2 milyard insanın təhlükəsiz suya çıxışı yoxdur və suyun keyfiyyətinin pis olması səbəbindən hər il 1,4 milyon insan həyatını itirir.

Ötən əsrdə sudan istifadə 6 dəfə, əhalinin artım tempi isə 2 dəfədən çox olub. İnkişaf etmiş ölkələrdə şirin su ehtiyatlarının 30 faizə qədəri sızma səbəbindən itir, bəzi böyük şəhərlərdə isə itkilər 70 faizə çata bilir.

Su ehtiyatları həm də iqtisadi, sosial və insan inkişafının bütün sahələrində böyük əhəmiyyət kəsb edir. Su həm də iqlim dəyişikliyinə uyğunlaşmanın mərkəzi rolunu oynayır və iqlim sistemi, insan cəmiyyəti və ətraf mühit arasında kritik əlaqə yaradır.

Azərbaycan məhdud su resurslarına malikdir

Azərbaycan arid landşaft və məhdud su resurslarına malikdir. Mövcud su ehtiyatlarının 70 faizi ölkəmizdən kənarda formalaşan və transsərhəd çaylar vasitəsilə ölkəmizə daxil olur. Azərbaycan adambaşına düşən suyun həcminə görə ilk yüzlükdə yer alsa da, 90-cı yerlərdən birini tutur. Su ehtiyatlarını qiymətləndirdikdə Azərbaycan 140-cı yerdə qərarlaşıb. Bu da ölkəmizdə suyun səmərəli istifadəsini şərtləndirir.

Ölkəmizdə yerüstü su ehtiyatlarını çaylar, göllər, su anbarları, buzlaqlar və s. təşkil edir. Azərbaycan ərazisində ümumi sahəsi 395 kvadratkilometr olan 450 göl məlumdur ki, onlardan 10-nun sahəsi 10 kvadratkilometrdən böyükdür.

Respublikada 136 su anbarı mövcuddur və onların ümumi həcmi 21 milyard 500 milyon kubmetr təşkil edir. Azərbaycanda hər birinin həcmi 1 milyon kubmetrdən çox olan 61 su anbarı mövcuddur.

Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib. Respublikanın çay şəbəkəsi 8359 çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 kilometrdən çox, 22 çayın uzunluğu 101-500, 40 çayın uzunluğu 51-100, 107 çayın uzunluğu isə 26-50 kilometr arasındadır.

Su ehtiyatlarının az olması ilə yanaşı, proqnozlar da ürəkaçan deyil. İqlim dəyişmələrinin təsirləri Azərbaycandan da yan keçməyib. Bu təsirlər daha çox su ehtiyatlarının azalmasında özünü göstərib. Son otuz ildə su ehtiyatlarımız 15-20 faiz azalıb. 2050-ci ilə qədər isə daha 15-20 faiz azalacağı proqnozlaşdırılır. Ona görə də, mövcud su ehtiyatlarından səmərəli istifadə olunmalı, fermerlər suya qənaət edən texnologiyalardan istifadə etməlidirlər. Bunlar, su təsərrüfatı sahəsində itkilərin aradan qaldırılması baxımından vacib amillərdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts