Bu gün Dünya Ekoloji Təhsil Günüdür

Tokio, 26 yanvar , /AJMEDIA/

Yanvarın 26-sı Dünya Ekoloji Təhsil Günüdür. Bu günün qeyd edilməsində əsas məqsəd ictimai diqqəti ətraf mühit problemlərinə, onların həllinə yönəltməkdə və gələcəkdə mümkün fəsadların qarşısını almaqda ekoloji təhsilin vacibliyini vurğulamaqdır.

AJMEDIA xəbər verir ki, müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “İnsanın ətraf mühiti” konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm Sazişi imzalanıb. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip yer alıb. Prinsiplərdən biri “Ətraf mühit üzrə təhsil vacibdir” adlanır.

Bu gün dünyanın bir çox ölkəsinin təhsil müəssisələrində, uşaq bağçalarında ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaşması və dövlətlərarası təcrübə mübadiləsinin əhəmiyyətinə diqqəti cəlb etmək məqsədilə qeyd edilir. Dünya Ekoloji Təhsil Günündə ekoloji məsələlərə həsr edilmiş konfranslar və seminarlar keçirilir, dəyirmi masalar təşkil olunur.

Bu günlə əlaqədar olaraq Azərbaycanda da məktəblilərlə maarifləndirici görüşlər keçirilir, onlara ətraf mühit və onun komponentlərinin qorunması, ölkəmizin bioloji müxtəlifliyi, milli parkları haqqında ətraflı məlumatlar verilir, dərsdənkənar vəsait, məktəbli ləvazimatları hədiyyə edilir, şagirdlərin tullantıların təkrar emalı və utilizasiyası sahəsində biliklərinin artırılması üçün müxtəlif tədbirlər keçirilir.

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini və bu il BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alsaq, nəinki məktəblilərin, bütövlükdə cəmiyyətin maarifləndirilməsi ilə əlaqədar görülən tədbirlərin sayının artırılması, cəmiyyətin hər bir üzvünün ekoloji fəaliyyətlərdə daha aktiv iştirakının təmini olduqca vacibdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts