Tokio, 25 oktyabr, /AJMEDIA/
Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin iyul ayının 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün – oktyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.
Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9376 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlıda Azərbaycan Bayrağını ucaldan və şəhərin azad olunmasının hərbi əhəmiyyətindən danışarkən deyib: “Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu”.
Birinci Qarabağ müharibəsində Qubadlı rayonu 238 şəhid verib, 190 nəfər əlil olub, 78 nəfər itkin düşüb. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə göstərdiyi rəşadətə görə Qubadlıdan 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Rayonun 300-ə yaxın sakini könüllü olaraq Vətən müharibəsində iştirak edib. Onlardan 11-i şəhid olub, 40 nəfərdən çoxu döyüşlərdən qazi kimi qayıdıb.
İndi Qubadlıda həyat yenidən canlanır. Düşməndən təmizlənən ərazidə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda tikinti işləri plan üzrə aparılır.
Prezident İlham Əliyev Qubadlı azad olunduqdan sonra rayona bir neçə dəfə səfər edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhərinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “AzərEnerji” ASC-nin sistem əhəmiyyətli 1110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər.
2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Həmin gün onlar “Bərgüşadçay” və “Zabuxçay” su anbarının layihələri ilə tanış olublar, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub.
2023-cü il mayın 4-də Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəb binasının, rayonun Xınalıq, Mahruzlu, Zilanlı kəndlərinin təməlini qoyub. Birinci mərhələdə Xınalıq kəndində 356, Mahruzlu kəndində 145, Zilanlı kəndində 159 fərdi evin tikintisi nəzərdə tutulur.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Qubadlı rayonunu kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəz kimi inkişaf etdirmək nəzərdə tutulur.
Vüqar Ağayev