Bolqarıstan parlamenti Ukraynadan taxıl idxalına icazə verib

Tokio, 14 sentyabr , /AJMEDIA/

Bolqarıstan parlamenti Ukraynadan taxıl idxalına icazə verməyi qərara alıb.

AJMEDIA Bolqarıstan mediasına istinadla xəbər verir ki, məsələnin müzakirəsi üç saata yaxın davam edib. Nəticədə 124 deputat qadağanın ləğv olunmasının lehinə, 67 deputat isə əleyhinə səs verib.

Ukrayna taxılının idxalına icazə verilməsi təşəbbüsü Bolqarıstan hökuməti tərəfindən dəstəklənib. Ölkənin baş naziri Nikolay Denkov bildirib ki, bu, “əsas ərzaq məhsullarının qiymətlərini aşağı salacaq və inflyasiyanın azalmasına kömək edəcək”.

Kənd təsərrüfatı və ərzaq naziri Kiril Vytev isə idxalın bərpasının əleyhinə çıxaraq, bunun daha ucuz Ukrayna taxılı ilə rəqabət aparmaq imkanı olmayan yerli fermerlər arasında gərginliyə səbəb olacağını və etirazlara gətirib çıxaracağını qeyd etmişdi.

Aprel ayında Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymuşdu. Daha sonra onlar Avropa Komissiyasının əvvəlcə iyunun 5-dək, sonra isə sentyabrın 15-dək Ukraynadan dörd növ taxıl və yağlı bitkilərin – buğda, qarğıdalı, raps və günəbaxan toxumlarının tədarükünə embarqo qoyması müqabilində bu qərarı ləğv etdilər. İndi isə həmin beş ölkə embarqonun ən azı ilin sonunadək uzadılmasına nail olmaq istəyir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts