“Blade” filminin istehsalı dayandırılıb

Tokio, 6 may , /AJMEDIA/

“Marvel” studiyasının istehsal edəcəyi “Blade” filminin növbəti bölüm çəkilişlərinin başlanması ABŞ ssenaristlərinin tətili səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
AJMEDIA kinonews.ru saytına istinadla xəbər verir ki, əvvəllər çəkilişlərin Atlantada 2023-cü ilin iyununda başlanması gözlənilirdi, lakin yeni çəkiliş cədvəli tətilin nəticələrindən asılı olacaq. Ssenaristlərin etirazının başlamasına bir neçə gün qalmış layihənin yeni ssenaristi Nik Pizzolatto təyin edilib. Ona artıq mövcud olan ssenarini redaktə etmək tapşırılıb.
Ekran əsərinin rejissor kürsüsündə Yan Demangenin rəhbərlik edəcəyi və baş rolda “Oskar” mükafatı laureatı aktyor Maherşala Alinin çəkiləcəyi bildirilmişdi. Məşhur aktyorun “Blade” filminin yeni bölümündə iştirakı hələ 2019-cu ildə “Comic-Con” festivalında elan edilmişdi, lakin sonradan koronavirus pandemiyası da studiyanın planlarının qarşısını aldı.
Qeyd edək ki, böyük Hollivud studiyalarının əksəriyyəti filmlərin çəkilişinə yalnız ssenarilərin yekun təsdiqindən sonra başlayır. “Marvel” studiyasının iş rejimində isə çəkilişlər zamanı tez-tez ssenarilərdə kəskin dəyişikliklər edilir, bu da studiyanı xüsusilə fasiləsiz işləyən ssenaristlərdən asılı edir.
Xatırladaq ki, “Blade” filminin yeni bölümünün premyera tarixi “Marvel” studiyası tərəfindən əvvəlcə 2024-cü il sentyabrın 6-na elan edilmişdi. İstehsalda növbəti gecikmənin premyera planına təsir edib-etməyəcəyi hələlik məlum deyil.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts