Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Tokio, 24 aprel , /AJMEDIA/

On iki ümumi təhsil müəssisəsində (lisey, gimnaziyalar, incəsənət yönümlü müəssisələr) birinci sinfə qəbul prosesi müsahibə vasitəsilə aparılacaq.

AJMEDIA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.

O bildirib ki, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Azərbaycan və rus bölməsi üzrə birinci siniflərinə qəbul müsahibə vasitəsilə aparılacaq. Fəridə Bilişzadə qeyd edib ki, lakin digər 9 təhsil müəssisəsində yalnız digər dillərdə tədris aparılan bölmələr üzrə birinci sinfə qəbul müsabiqə ilə olacaq.

“Sözügedən təhsil müəssisələrində xüsusi tədris proqramı, qabiliyyət tələb edən ixtisaslar olduğuna görə qəbul prosesi müsahibələr əsasında təşkil edilir. Müsahibə mərhələsində müsahibə komissiyalarına peşəkar müəllim və psixoloqlar cəlb edilib. Müsahibə mərhələsində öncədən elan olunan meyarlar üzrə müəllimlər uşaqlara suallar verəcək və dil biliklərini yoxlayacaqlar. Uşaqlar müsahibədə uğur qazandıqda həmin dil üzrə təhsil alacaqlar.

Müsahibə mərhələsində meyarlar sual sayı ilə tənzimlənmir. Uşağın cavablarına əsasən müəllim tərəfindən qiymətləndirilir. Müsahibədən keçməyən uşaqlar isə Azərbaycan dilində tədrisə cəlb olunacaqlar”.

Fəridə Bilişzadə bildirib ki, tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə məktəbəhazırlıq qruplarında oxuyan və oxumayan uşaqların valideynləri birinci sinfə qəbul prosesində uşaqlarını mütləq müsahibə mərhələsinə yazmalıdırlar: “Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə birinci sinfə qəbulun müsahibə mərhələsinə yazılan valideynlər ərazi üzrə prioritet məktəb seçimi edə bilərlər. Əgər övladları müsabiqədən keçərsə, alternativ məktəb seçimi kabinetdən avtomatik silinəcək və həmin boş yer digər valideynlər tərəfindən tutula bilər”.

Qurum rəsmisi qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqlar birbaşa olaraq birinci sinfə keçirilmir və onların valideynləri portalda elektron qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, mayın 1-dən 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesinə başlanılır. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir və proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 3-dən sentyabrın 13-dək aparılacaq. Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 7-dən 30-dək müsahibə mərhələsi keçiriləcək. Sözügedən qrupda iyunun 12-dən sentyabrın 13-dək məktəb və müəllim seçimi aparılacaq.

Bu il Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts