Tokio, 03 iyun, /AJMEDIA/
Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi Sahil Nurəddin oğlu İbrahimov iyunun 3-də paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.
AJMEDIA xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, Müdafiə və Daxili İşlər nazirliklərinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və sakinlər iştirak ediblər.
Əvvəlcə şəhid üçün cənazə namazı qılınıb. Sonra itkin şəhidin nəşinin qalıqları yaylım atəşi, hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklillər qoyulub, gül dəstələri düzülüb.
Tabutun büküldüyü Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.
Dəfn mərasimində iştirak edənlər Azərbaycan Ordusunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi şanlı Qələbədən danışıb, Birinci Qarabağ müharibəsi qəhrəmanlarının missiyasının uğurla tamamlandığını bildiriblər. Döyüş meydanında qazanılan Zəfər nəticəsində həm ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunduğu, həm də başımıza gətirilən müsibətlərin qisasının alındığı qeyd olunub.
Şəhidin qardaşı Cəmil İbrahimov 32 ildən sonra qardaş həsrətinin sona çatdığını deyib: “Bu gün qardaşımın nəşini gətirib dəfn etdik. Bu, bizim üçün şükran günüdür. Qardaşımın şəhid adına layiq formada dəfninə görə hər kəsə minnətdaram. Vətən uğrunda savaşıb şəhid olmaq şərəfdir”.
Şəhidin əmisinin oğlu Vidadi Namazov isə Sahilin gənc yaşında ən ali zirvəni seçdiyini və əbədiyyətə qovuşduğunu bildirib: “Sahil çox mülayim xasiyyətli, qaraqabaq biri idi, dindirməsən danışmazdı. 1993-cü ildə Ağdərədə itkin düşmüşdü. 32 ildir ki, yolunu gözləyirdik. Şəhidimizin qalıqları Ağdərə rayonunda tapılmışdı. Qardaşlarının DNT analizindən sonra şəxsiyyəti müəyyənləşdi. Üç-dörd gün əvvəl nəşin qalıqlarının Sahilə aid olduğu dəqiqləşdi. Bu gün isə şəhidimizi torpağa tapşırdıq. Bugünkü günümüzə də şükür, gözümüz yollardan çəkildi. Xalqımıza minnətdarıq ki, belə gündə bizi tək qoymadı”.
Qeyd edək ki, 1970-ci il iyulun 23-də Ermənistanın Amasya rayonunun Çivinli kəndində anadan olan Sahil İbrahimov 1993-cü il fevralın 9-da Ağdərə rayonunun Mehmanə kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.