Tokio, 5 Oktyabr, /AJMEDIA/
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) müəssisələrində biologiya ixtisası üzrə təhsil alan I kurs magistrantlarının “Biologiyanın tarixi və metodologiyası” və “Biologiyanın müasir problemləri” ixtisaslaşma fənləri üzrə birgə mühazirələri keçirilib.
Bu barədə AJMEDIA-ya AMEA-dan bildirilib. Qeyd olunub ki, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilən mühazirələrdə bu müəssisədən 10 magistrant, Genetik Ehtiyatlar İnstitutundan 6 magistrant, Mikrobiologiya İnstitutundan 3 magistrant və Botanika İnstitutundan 3 magistrant iştirak edib.
AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İradə Hüseynova dərslərin gedişatı ilə tanış olub.
Qeyd edək ki, AMEA-nın magistraturasında ümumi ixtisas fənlərinin birgə tədris olunması ilk dəfə həyata keçirilir. “Biologiyanın tarixi və metodologiyası” fənni AMEA-nın müxbir üzvü İbrahim Əzizov tərəfindən tədris olunur. “Biologiyanın müasir problemləri” fənninin isə BTEB-nin müxtəlif institutlarından olan aparıcı alimlər tərəfindən tədris edilməsi nəzərdə tutulub.