Beynəlxlalq enerji təhlükəsizliyində Azərbaycanın artan rolu hamı tərəfindən etiraf olunur

Tokio, 2 iyun , /AJMEDIA/

Hazırda beynəlxalq gərginliyin getdikcə artdığı bir vaxtda Azərbaycanın enerji təhlükəsizliyində günbəgün artan rolu artıq hamı tərəfindən etiraf olunur.
Bunu ötən ayın son günündə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft-Qaz, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgiləri də təsdiq etdi. Artıq 30 ilə yaxındır ki, ölkəmizdə Xəzər neft-qaz sərgisi keçirilir. Bu sərgilər Azərbaycana öz enerji potensialını və bu sahədə əldə etdiyi uğurları xarici investorlara nümayiş etdirmək imkanı yaradır. Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar və həyata keçirdiyi qlobal layihələr onun dünya enerji xəritəsində mövqeyini əsaslı şəkildə möhkəmləndirib. Bu uğurlar ölkənin ümumi inkişafına böyük təsir göstərərək, əhalinin rifah halını əsaslı şəkildə yaxşılaşdırıb. Azərbaycan iqtisadiyyatının beynəlxalq investorlar üçün cəlbediciliyini əsaslı şəkildə artırıb. Buna görə də Xəzər neft-qaz sərgisinə olan maraq hər il artır və daha çox xarici investor bu sərgiyə qatılır.
Cari ildə sərginin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi onun əhəmiyyətini daha da artırır. Məhz Ulu Öndər Azərbaycanın əsas enerji təminatçılarından birinə çevrilməsinə imkan yaradıb. Bu baxımdan 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan tarixində dönüş nöqtəsi kimi qəbul edilir. Təsadüfi deyil ki, ilk Xəzər neft-qaz sərgisi də həmin il keçirilib. 1994-cü ildən sonra Azərbaycanın enerji strategiyasının uğurlu nəticələri çox çəkmədən iqtisadiyyatımız sürətlə inkişaf etməyə başladı. Nəticədə, 1995-2000-ci illərdə Azərbaycanda ÜDM-in həcmi 73 faiz artdı.
Azərbaycanın enerji siyasəti Prezident İlham Əliyev tərəfindən də sonrakı illərdə uğurla davam etdirilib və təkcə neft deyil, eyni zamanda, qaz və bərpaolunan enerji sahələrində də nəzərəçarpacaq uğurlar əldə olunub. Bu baxımdan Cənubi Qaz Dəhlizi (CQD) layihəsinin icrasını xüsusi qeyd etmək lazımdır. Son illərdə gedən geosiyasi proseslər isə enerji təminatçısı kimi Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırıb. Bununla yanaşı, 2022-ci ildə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun işə düşməsi və 2023-cü ilin aprelində Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması Azərbaycana qaz ixracının coğrafiyasını əsaslı şəkildə genişləndirməyə imkan yaradıb. Bunun nəticəsində Azərbaycanın qaz ixracının coğrafiyası 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişlənəcək.
Azərbaycan, eyni zamanda bərpaolunan, yaşıl, o cümlədən elektrik enerjilərinin ixracı layihələri üzərində də işləyir. Ümumilikdə 2027-ci ilə qədər Azərbaycan 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsalını planlaşdırır ki, onun da 80 faizi ixrac ediləcək.
Bütün qeyd olunan layihələr, imzalanmış müqavilələr, planlaşdırılan layihələr Azərbaycanın enerji strategiyasının nə dərəcədə uğurlu olduğunu, ölkəmizin etibarlı enerji tərəfdaşı kimi mövqeyinin nə dərəcədə möhkəmləndiyini göstərir. Bunun nəticəsidir ki, daha çox dövlət Azərbaycanla əlaqələrini inkişaf etdirməyə, onun enerji resurslarına çıxış əldə etməyə çalışır.
Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar dünyanın ən böyük dövlətlərinin başçıları tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda Xəzər neft-qaz sərgisinin keçirilməsi ilə bağlı ABŞ Prezidenti Co Bayden Prezident İlham Əliyevə ünvanladığı məktubda qeyd edib ki, keçirilən sərgi ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini göstərir. C.Bayden onu da əlavə edib ki, qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüsləri onu sevindirir.
Beynəlxalq tədbirlə bağlı ünvanladığı məktubda Böyük Britaniyanın Baş naziri Rişi Sunak isə diqqətə çatdırıb ki, etibarlı enerji tərəfdaş olan Azərbaycan qlobal enerji müstəvisində vacib rola malikdir. O, eyni zamanda, Azərbaycanın nəhəng bərpaolunan enerji potensialının inkişaf etdirilməsi və “yaşıl enerji”nin ixracatçısına çevrilməsi istiqamətindəki səylərini də alqışladığını qeyd edib.
Həm ABŞ, həm də Böyük britaniyanın liderləri tərəfindən göndərilən məktublarda qeyd olunan fikirlər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi və xarici siyasətin nə dərəcədə uğurlu və səmərəli olduğunu göstərir. Artıq dünyanın aparıcı dövlətlərinin rəhbərləri Azərbaycanı dünya ölkələri arasında enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayan dövlət kimi tanıyır və onun bərpaolunan enerji potensialının inkişaf etdirilməsi istiqamətində atdığı addımları alqışlayırlar.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts