Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Şuşa İli” çərçivəsində “Qarabağnamə” filminin təqdimatı olub

Tokio, 5 fevral, /AJMEDIA/

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Şuşa İli“ çərçivəsində “Qarabağnamə” filminin təqdimatı və Xalq rəssamı Arif Hüseynovun rəsm əsərlərindən ibarət sərginin açılışı olub.

Fonddan AJMEDIA-ya bildirilib ki, filmdə görkəmli qrafika ustası Arif Hüseynovun Qarabağın memarlıq abidələri, tarixi şəxsiyyətləri, eləcə də qazanılan şanlı Zəfərlə bağlı xüsusi ustalıqla çəkdiyi təsvirlər, eyni zamanda, bununla bağlı məlumatlar öz əksini tapır.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 2022-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Şuşa İli” elan olunduğunu xatırladıb və təşkilatın bu ilin ilk tədbirini Qarabağa xüsusi olaraq həsr etdiyini bildirib: “Düşünürəm ki, Şuşa öz əsrarəngiz təbiəti, gözəlliyi, zəngin mədəniyyəti, adət-ənənələri, milli mənəvi dəyərləri ilə bizim bu ilimizə yansıyacaq. Biz də maraqlı tədbirlərlə dolu bir il yaşayacağıq. Fevralın 2-də Prezident İlham Əliyevin gənclərlə görüşü keçirildi. Hər zamankı kimi möhtəşəm şəkildə gənclərimizin, tələbələrimizin suallarını cavablandıran Prezident Şuşanın hər birimiz üçün müqəddəs bir rəmz olduğunu bildirdi”.

Fondun prezidenti şanlı Qələbədən sonra beynəlxalq təşkilatların rəhbərləri, eyni zamanda, Azərbaycana akkreditə olunan səfirlərlə birlikdə Şuşaya, Qarabağa səfər etdiyini və səfər müddətində duyğulu anlar yaşadığını diqqətə çatdırıb. Günay Əfəndiyeva Qarabağ Zəfərini həm Azərbaycanın, həm də türk dünyasının yeni tarixinin ən parlaq səhifələrindən biri kimi qiymətləndirib. O, rəhbəri olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Şuşa İli”nə öz töhfəsini verməyə çalışacağını vurğulayıb: “Film Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun Qarabağa həsr olunmuş 45 əsəri əsasında çəkilib. Əvvəlcə gözəl rəsmlər yaradıldı. Daha sonra onlar “Qarabağnamə – tarixin səhifələri” adlı kitaba daxil oldu. Bu kitabı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ərsəyə gətirdi. Bunun ardından Arif müəllimin fikirləri lentə alınaraq film şəklində hazırlandı”.

“Qarabağnamə” sənədli filminin nümayişindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbirin təşkilinə görə Fondun prezidenti Günay Əfəndiyevaya təşəkkür edib. Fuad Muradov bu tədbirlə Azərbaycan xalqının istedadının, türk dünyasının birliyinin nümayiş olunduğunu vurğulayıb: “Prezidentin tapşırığı ilə çalışırıq ki, bizim xaricdə yaşayan soydaşlarımız Azərbaycan mədəniyyətinə dəstək olsunlar, Azərbaycan dili və adət-ənənələrinin qorunmasına çalışsınlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu gün dünyada 14 Azərbaycan evi təsis etmişik. Azərbaycan evlərinə artıq bu kitablar çatdırılıb”.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi dəyərli işlərlə türk dünyasının mədəni irsinin təbliğinə bir daha töhfə verdiklərini bildirib: “Həqiqətən, çox təsirləndim. Filmdə Qarabağın zənginliyi bizə çox gözəl təqdim olundu. Gələcəkdə torpaqları azad edən qəhrəmanların övladları, nəvələri bu ərazilərin kimə aid olduğunu göstərəcəklər. Biz də öz növbəmizdə Türkiyədə bu qiymətli əsərin tanıdılmasına hər zaman hazırıq”.

Tədbirdə Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Əməkdar jurnalist Etibar Babayev, “Qarabağnamə” filminin rejissoru Elnurə Kazımova işğaldan azad olunan Azərbaycan torpaqlarına həsr edilən film barədə öz fikirlərini bölüşüblər.

Xalq rəssamı Arif Hüseynov tədbirin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna minnətdarlığını bildirib. Arif Hüseynov çəkdiyi rəsm əsərləri ilə Qarabağın tarixini, milli-mədəni irsini bütün dünyada tanıtmağa çalışdığını qeyd edib. O, çıxışında rəsmlərinin təqdimatının Qarabağda keçirilməsini arzuladığını vurğulayıb.

Daha sonra qonaqlar muğam sədaları altında Arif Hüseynovun rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts