Beynəlxalq siyasətdə Azərbaycanın növbəti uğuru danılmazdır

Tokio, 7 iyul , /AJMEDIA/

Artıq iki gündür ki, beynəlxalq ictimaiyyətin və dünya mediasının diqqəti yenidən Bakıya yönəlib.
AJMEDIA xəbər verir ki, Azərbaycan paytaxtında Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir. Tədbirə yalnız üzv dövlətlərin nazirləri deyil, eyni zamanda, üzv ölkələrin hökumət təmsilçiləri, beynəlxalq təşkilatlar, dünyanın müxtəlif bölgələrindən gəlmiş çoxsaylı QHT rəhbərləri, siyasi təhlilçilər və jurnalistlər qatılıb. Məsələ burasındadır ki, Qoşulmama Hərəkatının tədbirlərinə beynəlxalq marağın artması Azərbaycanın bu təşkilata sədrlik etməsi ilə birbaşa bağlıdır. Bu hərəkat öz tarixində Azərbaycanın təşkilata rəhbərlik etdiyi son 4 ildə olduğu qədər fəal olmayıb, dünyada gedən proseslərə bu qədər geniş təsir göstərmək imkanı qazanmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ildən etibarən keçirilən toplantılarda daim dünya xalqlarını narahat edən siyasi, iqtisadi, hərbi problemlərlə bağlı qlobal miqyaslı təşəbbüslər irəli sürməsi və bunların üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənməsi xüsusən diqqət çəkən məqamdır. Azərbaycan Prezidenti pandemiyanın davam etdiyi bütün illərdə beynəlxalq səylərin səfərbər olunmasına nail olub. COVID–19 pandemiyasına qarşı mübarizənin təşkili ilə bağlı BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi, “peyvənd millətçiliyinə” qarşı çıxmaqla vaksinlərin bölüşdürülməsində iqtisadi cəhətdən zəif ölkələrin maraqlarının qorunması kimi məsələlərin beynəlxalq gündəliyə çıxarılması, bu proseslərdə baş verən ayrı-seçkiliyin aradan qaldırılması məhz Azərbaycanın cəsarətli tələbi sayəsində öz həllini tapıb. Keçən müddətdə Azərbaycan təşkilata sədrlik edən ölkə kimi üzv dövlətlərin maraqlarını beynəlxalq səviyyədə qətiyyətlə qoruyub. Prezident İlham Əliyev, həmçinin təşkilat çərçivəsində struktur islahatların həyata keçirilməsinin zəruriliyini bəyan etdi və Qoşulmama Hərəkatının Parlamentlər Assambleyasının və Gənclər Forumunun yaradılmasına nail oldu. Hazırda isə Hərəkatın Qadınlar Platformasının yaradılması üzərində təşkilati işlər aparılır.
Digər tərəfdən, bu dəfəki nazirlər görüşü Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş gündəliyi və müzakirə üçün seçilmiş mövzuların aktuallığı ilə diqqət cəlb edir. “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” adı altında keçirilən nazirlər görüşündə Prezident İlham Əliyevin cəsarətli çıxışı, problemlərə qətiyyətli mövqe sərgiləməsi beynəlxalq medianın diqqət mərkəzindədir. Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasında təmsil olunmasının zəruriliyi, inkişaf etməkdə olan Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələrinə beynəlxalq səviyyədə dəstək göstərilməsi, beynəlxalq siyasətdə ikili standartlardan imtina edilməsi, neokolonializmin hər cür təzahürünün aradan qaldırılması kimi məsələlərin zərurət olduğunu bildirən Prezident İlham Əliyev üzv dövlətləri öz səylərini birləşdirməyə çağırdı.
Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının üzvü Fransanın misalında güc sahibi olan dövlətlərin hələ də digər xalqları öz asılılığında saxlamaq, onların təbii ehtiyatlarını talamaq və fundamental haqlarını əlindən almaq cəhdlərini qətiyyətlə pislədi. Prezident İlham Əliyev bildirdi ki, dünyanın müxtəlif bölgələrində yerləşən bir çox üzv ölkələrin əraziləri müstəmləkəçi dövlətlər tərəfindən aparılan müharibələr və münaqişələr nəticəsində minalarla həddindən artıq çirkləndirilib. Bu minaların təmizlənməsi olduqca bahalı və uzun sürən bir prosesdir. Odur ki, ərazilərin minalardan təmizlənməsi üçün təşkilat üzvlərinin öz səylərini səfərbər etməsinə ehtiyac var. Azərbaycan Prezidenti bu istiqamətdə atılacaq addımların Qoşulmama Hərəkatının 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən olunması təşəbbüsünü irəli sürdü və bu təşəbbüs üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olundu.
Əminliklə deyə bilərik ki, Qoşulmama Hərəkatının Azərbaycanda keçirilən sonuncu tədbiri də bu təşkilatın tarixinə ən uğurlu addımlardan biri kimi yazıldı. Bu uğur təşkilata sədrlik edən Azərbaycanın və onun Prezidenti İlham Əliyevin növbəti siyasi uğurudur.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts