Beynəlxalq Kosmik Stansiyaya yük daşıyacaq robot-kapsul hazırlanacaq

Tokio, 7 noyabr , /AJMEDIA/

Avropa Kosmik Agentliyi (ESA) tərəfindən Beynəlxalq Kosmik Stansiyaya (BKS) yük daşıyacaq robot-kapsul hazırlanacaq. Bu məqsədlə şirkətlər üçün müsabiqə elan edilib.

AJMEDIA BBC telekanalına istinadla xəbər verir ki, robot-kapsulun kosmosa ilk səyahətini 2028-ci ildə edəcəyi gözlənilir. Müsabiqənin qalibi ESA-dan müəyyən maliyyə və texniki dəstək alacaq, lakin o, kapsulu kommersiya əsasında işlətməli olacaq.

Əgər cəhd uğurlu olarsa, yeni kapsulun arxasındakı şirkətdən onu təkmilləşdirməsi tələb oluna bilər ki, o, kommersiya müqaviləsi əsasında yenidən ESA astronavtlarını orbitə daşıya bilsin. ESA-nın baş direktoru Cozef Aşbaxer bununla bağlı bildirib: “Biz kapsulu elə bir şəkildə təqdim edəcəyik ki, üzv dövlətlər gələcəkdə onu ekipaj vasitəsinə çevirə bilsinlər. Robot-kapsul başqa istiqamətlərə, ola bilsin ki, Aya da səyahət edə bilər”.

Müsabiqənin təşkili məqsədilə agentlik daxilində ilkin büdcəsi 75 milyon avro olan mütəxəssislər komandası yaradılıb. Bu ideya bazar ertəsi İspaniyanın Sevilya şəhərində keçirilən sammitdə ESA-ya üzv dövlətlər tərəfindən də dəstəklənib.

Rəqabətli satınalma modeli NASA-nın da çox yaxşı istifadə etdiyi modeldir. ABŞ-ın kosmik agentliyi əvvəllər bütün kosmik vasitələrə sahib idi və onları idarə edirdi. Lakin məşhur kosmik gəmilər fəaliyyətini dayandırdıqdan sonra Amerika agentliyi yeni provayderlər yaratmağa, onlara sabit qiymətli müqavilələr təklif etməyə və mərhələli ödənişlərlə irəliləyişi təşviq etməyə üstünlük verdi. Sahibkar İlon Maskın “SpaceX” şirkəti də belə ortaya çıxdı. Onun Kaliforniya şirkəti həmin vaxtdan bəri NASA-nın kosmik nəqliyyat xidmətlərinin əsas təchizatçısına çevrildi. ABŞ-ın kosmik agentliyi astronavtlarını BKS-ə çatdırmaq üçün “SpaceX” kapsullarında oturacaqlar alır və Yerdən uzaqlara elmi missiyalar göndərmək məqsədilə onun raketləri ilə müqavilə bağlayır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts