Tokio, 2 may , /AJMEDIA/
Bu il Azərbaycanın ilk qadın pianoçularından biri, muğam variasiyalarını ilk dəfə fortepianoda ifa etmiş Xədicə Qayıbovanın anadan olmasının 130 ili tamam olur. Bu səbəbdən də
Beynəlxalq Muğam Mərkəzində (BMM) unudulmaz pianoçunun xatirəsinə həsr olunmuş musiqi gecəsi təşkil edilib.
AJMEDIA xəbər verir ki, tədbirdə piano ifaçısının nakam həyat və yaradıcılığından söz açılıb.
Bildirilib ki, Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Şəhərdəki “Müqəddəs Nina” qızlar məktəbində oxuyub, burada mükəmməl musiqi dərsləri də alıb. O, həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi Azərbaycanın mədəni həyatında fəal iştirak edib. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilib, uşaq xoru yaradılıb. Dövrünün görkəmli sənətkarları ilə çalışaraq Azərbaycan musiqi folklorunun toplanması istiqamətində də səylərini əsirgəməyən Xədicə Qayıbova repressiya qurbanı olub.
Musiqili gecədə pianoçunun həyatından fraqmentlər səsləndirilib. Fortepiano əsərləri ilə yanaşı, həm də muğam və xalq mahnıları ifa olunub. Bu da əbəs deyil. Axı, Xədicə xanım muğam variasiyalarını fortepianoda ilk dəfə ifa edən pianoçularımızdan idi.
Tədbirdə Xədicə Qayıbovanın nəticəsi Nuridə Sultanova çıxış edərək ulu nənəsinin yubileyinin qeyd edilməsində əməyi keçənlərə və bütün ifaçılara təşəkkürünü bildirib.
Xatirə gecəsi klassik musiqi və BMM-in solistlərinin ifasında muğam və xalq mahnılarından ibarət proqramla davam edib.