BERNAMA agentliyi: Azərbaycan danışıqlarda etibarlı, qətiyyətli və güclü mövqe nümayiş etdirir

Tokio, 8 noyabr , /AJMEDIA/

Azərbaycanda qeyd olunan Zəfər Günü ərəfəsində Malayziyanın BERNAMA milli xəbər agentliyi Azərbaycan və Ermənistan arasında davam edən danışıqlar barədə geniş məqalə dərc edib.
AJMEDIA xəbər verir ki, məqalə noyabrın 7-də Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov ilə aparılmış müsahibə əsasında təqdim olunub.
Səfir İ.Davudov cari ilin martında Ermənistan ilə danışıqlara əsas predmet kimi Azərbaycan tərəfinin təqdim etdiyi təkliflərdən bəhs edərək, burada qeyd olunan prinsiplərin vacibliyindən danışıb. O, bu prinsiplərdən birincisinin tərəfləri qarşılıqlı olaraq suverenliyə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına və siyasi müstəqilliyə hörmət etməyə çağırdığını vurğulayaraq bildirib: “Bundan daha aydın mövqe təsəvvür etmək mümkün deyil. Bu da onu göstərir ki, Azərbaycan danışıqlarda etibarlı, qətiyyətli və güclü mövqe nümayiş etdirir”.
Diplomat postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə də söz açıb, Azərbaycanın sülh yönümlü və əməkdaşlığı hədəfləyən cəhdlərinin regionun sərhədlərini aşdığını, buna nümunə kimi Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan arasında deyil, eyni zamanda, Asiya və Avropa arasında nəqliyyat əlaqələrinin inkişafına töhfə vermək əzmində olduğunu nəzərə çatdırıb.
İ.Davudov Ermənistan ilə aparılan danışıqlar prosesinə paralel olaraq bəzi məsələlərin həll olunmasının vacibliyinə toxunub, nümunə kimi Azərbaycanın azad edilmiş ərazilərinin kütləvi minalanması probleminin davam etdiyini, bunun həm hərbi, həm də mülki müstəvidə yaratdığı fəsadların normallaşma prosesinə mənfi təsir göstərdiyini qeyd edib.
Diplomat, həmçinin Azərbaycanın qlobal təhlükəsizliyə, əməkdaşlığa və rifaha xidmət etməklə beynəlxalq tərəfdaşlarla apardığı uğurlu iş təcrübəsindən bəhs edib. İ.Davudov deyib: “Bir neçə həftə əvvəl Azərbaycan Qoşulmama Hərəkatındakı sədrliyinin 3-cü ildönümünü qeyd etdi. Qoşulmama Hərəkatındakı sədrliyimiz bizim beynəlxalq əməkdaşlıq təcrübəmizin məhək daşlarından biridir. Azərbaycan bu təşkilata ciddi qlobal çağırışların hökm sürdüyü bir vaxtda sədrlik etməkdədir. Eyni zamanda, Malayziya kimi üzv ölkələrlə birgə işləyərək beynəlxalq sülh və əməkdaşlığa töhfə vermək məqsədilə Qoşulmama Hərəkatının dünya səhnəsindəki rolunu təşviq edir, gücləndirir”.
Qeyd edək ki, məqalə agentliyin beynəlxalq xəbərlər üzrə müxbiri Rajamanikam Raviçandra tərəfindən qələmə alınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts