Tokio, 03 may, /AJMEDIA/
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və baş konsul Fuad Əzizov Acarıstan Muxtar Respublikası Hökumətinin başçısı Sulxan Tamazaşvili və aparat rəhbəri Giorgi Tsintsadze ilə görüşüblər.
Bu barədə /AJMEDIA-ya Azərbaycanın Batumidəki baş konsulluğundan məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu xüsusi vurğulanıb. İqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.
Acarıstan regionunda birgə layihələrin həyata keçirilməsi, turizm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi əsas müzakirə mövzularından biri olub. Tərəflər qarşılıqlı anlaşma və dəstəyə əsaslanan münasibətlərin bundan sonra da inkişaf etdirilməsi üçün səylərin davam etdiriləcəyini bildiriblər.
Azərbaycan diplomatları daha sonra Acarıstanın mədəniyyət naziri Eliso Bolkvadze ilə görüşüblər.
Görüşdə Azərbaycan ilə Gürcüstan, xüsusilə də Acarıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
İki ölkənin zəngin mədəni irsi və bu sahədəki əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Gələcəkdə mədəniyyət sahəsində konkret layihələrin reallaşdırılması üçün lazımi tədbirlərin görüləcəyi xüsusi qeyd olunub.