Tokio, 15 noyabr , /AJMEDIA/
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) layihəsinin həyata keçirilməsini prioritet hesab edir.
AJMEDIA xəbər verir ki, bu barədə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov noyabrın 15-də Bakıda keçirilən Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda deyib.
Ə.Əhmədov qeyd edib ki, DİM qlobal layihəsinin həyata keçirilməsi üçün 2030-cu ilə qədər vaxt ayrılıb: “Növbəti 7 ildə DİM sahəsində ciddi işlər həyata keçirilməlidir. Ölkələr, dövlətlər 2030-cu ilə qədər daha böyük səylər göstərməlidirlər ki, bu qlobal layihə uğurla həyata keçirilsin”.
Baş nazirin müavini, həmçinin bildirib ki, bu gün dünyada insanların çoxu müharibələrin, müharibədən sonra ərazilərdə basdırılan minaların qurbanına çevrilir.
“Azərbaycanda minaların partlaması nəticəsində 3 mindən çox insan həyatını itirib. Mina problemi təkcə Azərbaycanın deyil, dünyada aktual problem olaraq qalmaqdadır. Dünyada minalardan ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Düşünürəm ki, bugünkü forumda DİM-in minalarsız cəmiyyət, minalarsız dünya strategiyasını qəbul etməyə həssaslıqla yanaşılacaq”, – deyə Əli Əhmədov əlavə edib.