“Baku ID” İnnovasiya Festivalı keçiriləcək

Tokio, 12 iyun , /AJMEDIA/

“SABAH.Hub” İnnovasiya Mərkəzinin dəstəyilə yaradılmış, Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” İnnovasiya Festivalı çərçivəsində, startapını təqdim edib, investisiya əldə etmək istəyənlər üçün əla bir fürsət yaradılıb.

AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyi, SOCAR, 4SİM, “Pasha Holding”, ABB, “Mappable” və IDDA tərəfdaşlığı ilə təşkil edilən “Baku ID” 27-28 iyun tarixlərində “Bakı Kristal Zal”da baş tutacaq sayca üçüncü tədbir üçün bilet satışına start verib.

Builki “Baku ID” tədbirində 200-dən artıq yerli və xarici investor, 100-dən artıq xarici və yerli startaplar, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş yer alacaq. Bu böyük tədbir startaplar üçün, investorların diqqətini cəlb etmək üçün əvəzsiz bir fürsət yaradır. Tədbir çərçivəsində “Startup Wise Guys”, “White Hill Capital”, “Caucasus Ventures”, “MOST Ventures”, “Startup Boot Camp”, “Aloqa Ventures” və “SABAH.Fund” vençur fondlarının dəstəyi ilə startap fondu yaradılıb və razılığa əsasən fondun büdcəsi 1 milyon dollar məbləğində razılaşdırılıb. Lakin bu məbləğ digər partnyorların dəstəyilə artmağa davam edir. Bu, ölkə tarixində bir innovasiya tədbirində verilən ən böyük həcmli mükafat fondudur. Bununla da “Baku ID” ekosistemin inkişafı üçün bir çox ilklərə imza atır. Həmçinin startaplar üçün fürsətlər bununla da yekunlaşmır. Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyilə tədbir zamanı startaplar “Startup Battle” konsepsiyası çərçivəsində mübarizə apararaq 15 min manatdan çox qrant mükafatın sahibi ola bilərlər.

Tədbirdə Ayumi Moore AOKİ, Roman Levrentev, Dana Al Salem kimi şəxslərin və “Google”, “Sandbox”, “Hungri Games”, “HepsiBurada Global” kimi şirkətlərin iştirakı nəzərdə tutulub. Onların çıxışları və təqdimatları startapların ilham alması və öz layihələrini inkişaf etdirməsi üçün böyük bir motivasiya olacaq. Tədbir boyunca startaplar investorlar ilə əlaqə qurmaq, öz ideyalarını təqdim etmək və potensial olaraq investisiya əldə etmək üçün geniş imkanlar əldə edəcəklər. Tədbirə olan marağın ən böyük göstəricisi olaraq bilet satışlarını örnək göstərmək olar. Hazırkı məlumata əsasən, artıq 3000-dən çox bilet satışı baş tutub.

Qeyd edək ki, “Baku ID” İnnovasiya Festivalı 3-cü ilinə kimi olan fəaliyyət dövrü çərçivəsində onlarla startapın inkişafına dəstək verib və minlərlə şəxsin innovasiya ekosistemi haqqında məlumatlandırılmasına nail olub. Ümumilikdə isə 1,7 milyon manatdan çox startapların investisiya almasına səbəb olub.

“Baku ID” İnnovasiya Festivalının fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün “www.bakuid.com” veb-saytına keçid edə və sosial mediada izləyə bilərsiniz.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts