Bakının “Neftçi” klubu Avstriyaya üstün yollanacaq

Tokio, 5 avqust , /AJMEDIA/

Bakının “Neftçi” futbol klubu UEFA Konfrans Liqasında növbəti qələbəsini qazanıb.
AJMEDIA xəbər verir ki, Bakı təmsilçisi turnirin üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edib.
“Neftçi”nin start heyətində İvan Brkiç, Mamadu Mbodj, Solomon Kvirkveliya, Kenni Sayef, Voislav Stankoviç, Emin Mahmudov, Qodsvey Donyo, Eddi İsrafilov, Azər Salahlı, Ataa Caber və Yusuf Laval yer alıblar.
“Rapid”in heyətində isə meydana Niklas Hedl, Kevin Vimmer, Qvido Burqştaller, Aleksa Peyiç, Mixael Sollbauer, Martin Kostselnik, Yonas Auer, Marko Qrüll, Morits Osvald, Ante Bayiç və Bernhard Zimmerman çıxıblar.
Xorvatiyalı FIFA referisi Dario Belin idarə etdiyi oyunda hesabı “Neftçi” komandası açıb. Oyunun 44-cü dəqiqəsində israilli yarımmüdafiəçi Ataa Caber baxımlı qola imza atıb. Komandamız fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.
İkinci hissəyə daha fəal başlayan “Neftçi” matçın 60-cı dəqiqəsində rəqib komandanı meydanın mərkəzinə dəvət edib. Belə ki, Kenni Sayef hesab arasındakı fərqi artırıb. İkinci hissəyə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində “Rapid”in futbolçusu Qvido Burqştaller fərqlənməklə oyunun yekun nəticəsini müəyyənləşdirib.
Beləliklə, oyun “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts