Bakıdakı “TeamGym” üzrə 15-ci Avropa çempionatına yekun vurulub

Tokio, 19 oktyabr, /AJMEDIA/

Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatına yekun vurulub.

AJMEDIA xəbər verir ki, turnirin dördüncü günündə son olaraq böyük kişi gimnastlardan ibarət 6 kollektiv həlledici mərhələdə “TeamGym” xalçası, akrobatika cığırı və trampet (minibatut) üzərində çıxış ediblər.

Üç proqramın cəminə əsasən, 62.950 xal toplayaraq bütün rəqiblərini üstələyən Danimarka millisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveç yığması 60.150 xalla gümüş, Norveç komandası 55.850 xalla bürünc mükafata sahib çıxıb.

Böyük Britaniya (51.900), Portuqaliya (51.100) və İtaliya (50.050) kollektivləri isə müvafiq olaraq dördüncü, beşinci və altıncı yerləri tutublar.

Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə ilk üç yeri tutan komandalara medal və hədiyyələr təqdim olunub.

Daha əvvəl böyük qadın gimnastlar və qarışıq komandalar arasında qaliblər bəlli olub. Qadınlarda İslandiya (53.850) birinci, İsveç (53.400) ikinci, Norveç (49.450) üçüncü olub. Qarışıq komanda yarışlarında isə Danimarka (55.700), Böyük Britaniya (55.100) və İsveç (54.400) milliləri fərqləniblər.

Ötən gün yeniyetmə gimnastların finalları keçirilib. Qızlarda İsveç (51.500), Danimarka (50.600), İslandiya (47.650), oğlanlarda Danimarka (56.300), İsveç (53.550), Norveç (52.700), qarışıq komanda yarışlarında isə İslandiya (51.600), İsveç (51.400) və Böyük Britaniya (50.800) yığmaları mükafatçılar sırasına düşüblər.

Qeyd edək ki, “TeamGym” üzrə Avropa çempionatında 14 ölkədən 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançı iştirak edib. Azərbaycan turnirdə yalnız böyük kişi gimnastlardan ibarət komanda ilə təmsil olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts