Tokio, 13 yanvar , /AJMEDIA/
Yanvarın 13-də Big Group Sağlamlıq Turizm şirkəti tərəfindən “Qastroenterologiya və Hepatologiya sahəsində müasir klinik tövsiyələr” adlı elmi-praktik konfrans öz işinə başlayıb.
AJMEDIA xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
“Cərrahi koloproktologiya və qaraciyər problemləri”, “Mədə və nazik bağırsaq patologiyası”, “Qaraciyər sirrozları”, “Hepatologiyanın aktual yenilikləri (2022-2023 illər)” və “Advans endoskopiya və cərrahiyyə” adı altında beş sessiya üzrə təşkil olunan konfransda mövzu üzrə çıxışlar edilib, mühazirələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Əməkdar həkim, tibb elmləri doktoru Rəşad Mahmudov ölkəmizdə keçirilən təlim-konfransın mühüm əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanın tibb sahəsində qazandığı nailiyyətlərdə Türkiyənin də mühüm rolu var. Çünki bu gün ölkəmizin səhiyyə sahəsində, Türkiyədə təhsil almış 10 minlərlə azərbaycanlı həkim artıq öz fəaliyyətini yüksək xidmətlərlə göstərir. Bu, ölkələrimiz üçün çox böyük və əhəmiyyətli bir hadisədir.
R.Mahmudov qeyd edib ki, qarşıdan gələn prezident seçkiləri xalqımızın rifahı, gələcək inkişafı üçün görüləcək işlər içərisində ən mühüm bir hadisədir. “2024-cü ilin ölkəmiz üçün uğurlu bir il olmasını arzulayıram. İnanıram ki, hər bir azərbaycanlı bizə qürur hissi yaşadan, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran öz Prezidentinə dəstək nümayiş etdirəcək”, – deyə o, diqqətə çatdırıb.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamenti, Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov, TƏBİB-in rəsmi nümayəndəsi, həkim-qastroenteroloq Elvin Əliyev, Liv Hospital, Uluslararası müsafir xidmətləri müdiri Lalə Savaş və digər çıxış edənlər mövzu üzrə fikir mübadiləsi aparıblar. Azərbaycanda səhiyyə sahəsinin yüksək inkişafına toxunan natiqlər belə təlim-konfransların mühüm əhəmiyyətindən danışıblar.
Təlim-konfransda yerli həkimlərlə yanaşı, Türkiyədən olan professorlar Ümit Koç və Ayhan Dinçkan mövzu ilə bağlı çıxış ediblər. Azərbaycan-Türkiyə arasındakı münasibətlərin, səhiyyə sahəsində atılan addımların, nəinki səhiyyə sahəsində, həmçinin digər sahələrdə də iki ölkənin yüksək səviyyədə əməkdaşlığını vurğulayıb və bundan sonrakı inkişaf perspektivlərinin uğurla davamına əminlik ifadə ediblər.
İkigünlük konfrans Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyi, Azərbaycan Qastroenterologiya İnvaziv Endoskopiya Cəmiyyəti, DİAMED Holdinq, İstinye Universiteti Bahçeşehir Liv Xəstəxanası, Acibadem Hospital ilə əməkdaşlıq çərçivəsində keçirilir.
Qeyd edək ki, Türkiyə hökumətinin dəstəyi ilə yaradılmış “Bayraktar Group” sağlamlıq turizm şirkəti Azərbaycan vətəndaşlarının Türkiyədə müayinə, müalicə və əməliyyatlarını həyata keçirir. Eyni zamanda, Türkiyədə həyata keçiriləcək əməliyyat üçün müəyyən xərclərə və vaxta qənaət etmək məqsədilə Azərbaycanda dünya standartlarının qəbul etdiyi analiz və müayinələri reallaşdırır