Bakıda Özbəkistanın turizm və mədəniyyət günlərinə həsr edilən ziyafət təşkil olunub

Tokio, 6 aprel , /AJMEDIA/

Aprelin 5-də 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi çərçivəsində “Fairmont Baku” otelində Özbəkistanın turizm və mədəniyyət günlərinə həsr olunan ziyafət təşkil edilib.
AJMEDIA xəbər verir ki, tədbir Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşıb. Ziyafətdə Özbəkistanın Xorəzm milli musiqi və rəqs folklor nümunələri, eləcə də milli mətbəxi təqdim olunub.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrindən söz açaraq məmnunluğunu ifadə edib. O deyib: “Özbəkistanın turizm və mədəniyyət günlərinə həsr olunan tədbirdə iştirak etmək üçün ölkəmizdən çoxlu sayda nümayəndə təşrif buyurub. Bu cür tədbirlərin keçirilməsi iki qardaş ölkə arasında dostluq münasibətlərinin daha da inkişafına töhfə verəcək. Bu gün burada təşkil olunmuş ziyafətdə, eyni zamanda Özbəkistanın milli xalq musiqi və rəqs folklor nümunələri nümayiş olunur. Burada, həmçinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş “Xarəzm ləzgi rəqsi” təqdim olunacaq.
Özbəkistan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi nəzdində Milli Piar Mərkəzinin rəhbəri Dilfuza Samandarova Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirib: “AITF 2023” sərgisi çərçivəsində bu cür tədbirlərin təşkili və ölkəmizin burada iştirakı bizim üçün böyük şərəfdir. Hazırda burada bizim milli musiqi və rəqs folklorumuz, mətbəximiz və qonaqpərvərliyimiz təqdim olunur”.
Sonra tədbir iştirakçılarına Özbəkistanın milli mətbəxindən ibarət ziyafət təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts