Tokio, 16 dekabr, /AJMEDIA/
Dekabrın 16-da Bakıda Astara, Qazax, Ucar, Ağdaş, Zaqatala, Ağdam və Quba rayonlarında icra olunacaq “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində yeddi layihənin qrant müqavilələri imzalanıb. Qrant layihəsinin ümumi məbləği 1 milyon 61 min 41 manatdır.
AJMEDIA xəbər verir ki, imzalanmış müqavilələr də daxil olmaqla, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 275 qrant müqaviləsi imzalanıb və bu müqavilələrdə nəzərdə tutulan yardımın ümumi məbləği 39 milyon 100 min manat təşkil edir.
Qrant müqavilələrin imzalanması ilə bağlı mərasim Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyində həyata keçirilib. Qrant müqavilələrinin imzalanmasından sonra yerli qeyri-hökumət təşkilatları və Yaponiya səfirliyi arasında həyata keçirilən fikir mübadiləsi zamanı səfir Vada Cüniçi deyib: “Ot Kökləri ” üzrə Qrant Yardımının həyata keçirilməsinin yerli əhalinin sağlamlığına xidmətin inkişafına, ehtiyaca uyğun sayda təhsil müəssisələrinin təmin edilməsinə, yerli əhalinin həyat şəraitinin və sosial rifahının yaxşılaşdırılmasına öz töhvəsini verəcəyini ümid edirəm. Bundan sonra da müxtəlif sahələrdə yardımların göstərilməsini nəzərdə tuturuq”. Qeyri-hökumət təşkilatı rəhbərləri Yaponiya hökumətinə “Ot Kökləri ” üzrə Qrant Yardımının həyata keçirdiyi üçün öz təşəkkürünü bildirib.
Qeyd edək ki, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı İnsan Təhlükəsizliyi ideyasını rəhbər tutaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu günədək həmin proqramın icrası zamanı səhiyyə, ictimai sağlamlıq, təhsil, kənd təsərrüfatı sahəsinin inkişafına yardım prioritet xarakter daşıyıb. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil ,səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür.