Tokio, 15 aprel , /AJMEDIA/
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “Şərq qapısı” qəzetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə “Naxçıvan fotolarda” adlı fotosərgi açılıb.
AJMEDIA xəbər verir ki, Bakı şəhərindəki Beynəlxalq Muğam Mərkəzində təşkil olunan sərgidə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, mədəniyyət naziri Adil Kərimli, ölkənin ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə Fuad Nəcəfli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən əlamətdar tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Səlahiyyətli nümayəndə vurğulayıb ki, yubiley tədbirləri Naxçıvan şəhəri ilə yanaşı, başqa şəhərlərdə, ölkələrdə də geniş şəkildə qeyd olunur. “Naxçıvan fotolarda” sərgisi mart ayında Türkiyə Cümhuriyyətinin İğdır şəhərində də açılıb. Aprel ayının əvvəllərində isə Türkiyənin Kayseri şəhərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollektivinin iştirakı ilə muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. İl ərzində muxtar respublikanın yubileyi ilə bağlı bu kimi tədbirlərin keçirilməsi davam etdiriləcək.
Bu gün Naxçıvanın artıq öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu qeyd edən Fuad Nəcəfli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı bu mərhələnin əsas hərəkətverici qüvvəsidir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Naxçıvanı yaxın gələcəkdə tamamilə yenilənmiş, iqtisadi cəhətdən kifayət qədər inkişaf edən, cəlbedici bir regiona çevirəcək. Dövlət Proqramı Naxçıvanın bütün istiqamətlərdə kompleks inkişafını nəzərdə tutur.
Onun sözlərinə görə, bugünkü fotosərgi, həmçinin Naxçıvanın turizm potensialının üzə çıxarılması, daha geniş arenada tanıdılması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Səlahiyyətli nümayəndə bu qiyabi tanışlığın hər kəsdə xoş əhvali-ruhiyyə yaradacağına inamını ifadə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli çıxışında dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümü ilə bağlı tarixi Sərəncamını Naxçıvan Muxtar Respublikasına dövlət səviyyəsində göstərilən diqqətin, qayğının təzahürü kimi qiymətləndirib. Naxçıvanın taleyində Ulu Öndərin müstəsna roluna diqqət çəkən akademik qeyd edib ki, bu gün Naxçıvan öz 100 illiyini yeni inkişaf mərhələsi ilə qarşılayır. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub. Bu baxımdan sözügedən Sərəncam Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında Azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsinə mühüm stimul verir.
“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova bildirib ki, qəzetin “Naxçıvan fotolarda” sərgisi muxtar respublikanın 100 illik yubileyinə töhfədir. Sərgidə təqdim olunan fotolar “Şərq qapısı” qəzetinin fotoqrafları tərəfindən çəkilib.
Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.
62 fotonun nümayiş olunduğu sərgi böyük maraqla qarşılanıb.
Tədbirin bədii hissəsindən əvvəl Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Beynəlxalq Muğam Mərkəzinin solistləri xanəndələr Arzu Əliyeva və Sərxan Bünyadzadənin ifasında konsert proqramı təqdim olunub.