Bakıda Küveytin Milli Günü qeyd olunub

Tokio, 24 fevral , /AJMEDIA/

Fevralın 23-də Küveyt Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin 63-cü Milli Günü və 33-cü Qurtuluş Gününün ildönümü münasibətilə tədbir keçirib.

AJMEDIA xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Küveytin Dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən Küveyt Dövlətinin ölkəmizdəki səfiri Abdullah Mohamed Abdullah Almauidi deyib: “Küveyt Dövləti və Azərbaycan Respublikası arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrdən məmnunluğumu ifadə etməkdən şərəf duyuram. Biz, həmçinin bu il iki dost ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik”.

Siyasi əlaqələrdən bəhs edən səfir bildirib ki, Küveyt və Azərbaycan arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi barədə sıx əməkdaşlıq və əlaqələndirmə mövcuddur.

“Küveyt və Azərbaycan arasında parlamentlərarası əlaqələrdən danışarkən vurğulamaq istərdim ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir və müxtəlif parlament təsisatlarında onlar arasında davamlı əlaqə mövcuddur. Bu günə qədər tərəflər arasında müxtəlif qarşılıqlı səfərlər həyata keçirilib. Həmçinin bu il Azərbaycan Milli Məclisi sədrinin də Küveytə səfəri planlaşdırılır. Bütün bunlar iki ölkə arasında dərin əlaqələrin mövcudluğunu bir daha sübut edir”, – deyə o vurğulayıb.

Səfir qeyd edib ki, Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb. Belə ki, 2023-cü ildə Azərbaycana gələn küveytli turistlərin sayı keçən ilə nisbətən artaraq 30 min nəfərə yaxın olub.

Bu artımda ölkələrimiz arasında müntəzəm birbaşa aviareyslərin həyata keçirilməsinin də böyük rolu var.

Çıxış edən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Küveytin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini vurğulayıb, münasibətlərimizin qarşılıqlı inama və etibara əsaslandığını qeyd edib.

O bildirib ki, Azərbaycan-Küveyt dostluğu tarixi və mədəni köklərə söykənir. İki ölkə arasında iqtisadi, siyasi, mədəni sahələrdə əlaqələr yüksək səviyyədədir.

“Azərbaycan və Küveyt arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələri var. Beynəlxalq təşkilatlar çərçivəsində də münasibətlərimizi uğurla davam etdiririk”,- deyə Y.Rəfiyev əlavə edib.

Tədbir ziyafətlə davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts