Bakıda İndoneziyanın Müstəqillik Günü qeyd olunub

Tokio, 17 avqust , /AJMEDIA/

Avqustun 17-də İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 77-ci ildönümü ilə əlaqədar tədbir təşkil edib.
AJMEDIA xəbər verir ki, tədbir “Bayraq qaldırma mərasimi” ilə başlayıb.
İndoneziyanın müstəqilliyinə nail olmaq üçün fədakarlıq göstərmiş və qəhrəman kimi həlak olmuş indoneziyalıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə səfirliyin əməkdaşları, İndoneziya diasporasının üzvləri, Bakıdakı İndoneziya vətəndaşları, həmin ölkənin dil fakültəsinin məzunları da iştirak ediblər.
Çıxış edən səfir Hildi Hamid bildirib ki, Müstəqillik Günü bütün indoneziyalılar üçün xalqın müxtəlifliyini, birliyini və tolerantlığını qoruyub saxlamağın zəruriliyi barədə xatırlatma kimi qəbul edilməlidir. İndoneziya xalqı üçün böhran dövründə, xüsusilə qlobal COVID-19 pandemiyasının ortasında “birliyi” saxlamaq çox vacibdir. Bu il, həmçinin İndoneziya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyi qeyd olunur: “İki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri əlaqələrimiz qarşılıqlı hörmət, etimad və dostluğa əsaslanaraq xalqlarımızın mənafelərinə uyğun inkişaf edib. İki ölkə arasında təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də çoxtərəfli platformalarda səmərəli əməkdaşlıq mövcuddur”.
Daha sonra təntənəli mərasim səfir Hildi Hamid və xanımı Diah Permata tərəfindən bayram şənliyi çərçivəsində tort kəsmə mərasimi ilə davam etdirilib. Səfir, həmçinin cari ilin iyul ayının ikinci həftəsindən keçirilən ənənəvi oyunların qaliblərinə mükafatlar təqdim edib. Yarışlar kerupuk, yemək yarışı, domino, stolüstü tennis, kəndir çəkmə, çuval yarışı, eləcə də uşaqlar üçün misket oyunu və s. oyunlardan ibarət idi.
Mərasim xalqın, ölkənin rifahı və tərəqqisi üçün duaların oxunması ilə başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts