Bakıda “Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” mövzusunda tədbir keçirilib

Tokio, 07 may, /AJMEDIA/

Mayın 7-də “Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” mövzusunda tədbir keçirilib.

AJMEDIA xəbər verir ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə reallaşan tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan xalqı üçün bütün taleyüklü məsələlərin həlli məhz güclü lider amili, onun milli-mənəvi dəyərlərə və zamanın tələblərinə əsaslanan titanik fəaliyyəti, qətiyyətli və uzaqgörən siyasəti sayəsində mümkün olub. Bu gün qürurla ifadə edirik ki, qüdrətli və qalib Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları və tükənməz dövlətçilik irsi ilə bağlıdır.

O bildirib ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin qarşısında duran ali məqsədlərə çatmaq üçün milli qanunvericiliyimizin əsaslarını müəyyənləşdirib.

Tahir Budaqov deyib: “Ümummilli Liderimiz 2003-cü ildə xalqa müraciət edərək dövlətçiliyimizin qorunub inkişaf etdirilməsi naminə Azərbaycanın gələcəyinə dair aydın baxışını ortaya qoyub. Xalqımız Ümummilli Lider Heydər Əliyevin müdriklik və uzaqgörənliyinə sonsuz inamını bir daha nümayiş etdirərək Prezident İlham Əliyevə qətiyyətli dəstək və yüksək etimad göstərməklə siyasi varisliyi təmin etdi və bununla da ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın əzmkar mövqeyi sayəsində möhtəşəm uğurlar qazandı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası isə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, diplomatik məharətinin real nəticəsidir”.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanovun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdə müəyyən müqavimətlərlə qarşılaşsa da, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə bu maneələri aradan qaldıraraq Azərbaycan dövlətçiliyinin əsasını möhkəmləndirdi. Qısaca desək, Azərbaycanı, əsl mənada, müstəqil dövlətə çevirdi.

M.Mərdanov bildirib ki, bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində məhz Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri dayanır: “Heç vaxt unutmamalıyıq ki, bu nailiyyətlər böyük şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Nə əldə etmişiksə, nə qazanmışıqsa, hamısına görə o böyük insana borcluyuq. Əminəm ki, Ulu Öndərin ruhu bu gün şaddır. Çünki vaxtilə dediyi “Azərbaycan dünyaya bir günəş kimi doğacaq” sözləri bu gün gerçəyə çevrilir. Azərbaycan bu gün tam müstəqil dövlətdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü tam bərpa edib”.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı Amil Səfiyev və YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova Ulu Öndər Heydər Əliyev ideyalarının müasir dövrdə Azərbaycanın inkişafına, dövlətçilik ənənələrinin möhkəmlənməsinə və gənclərin milli dəyərlərə bağlı ruhda formalaşmasına verdiyi töhfələrdən danışıblar. Onlar Ümummilli Liderin irsinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts