Tokio, 18 iyul , /AJMEDIA/
İyulun 18-də “WorldSkills Azerbaijan” İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda “Silk Way Flavor Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışmasına başlanılıb.
Müsabiqədə Azərbaycan ilə yanaşı, Qazaxıstan və Özbəkistandan gələn gənclər də iştirak edirlər.
AJMEDIA xəbər verir ki, tədbirin əsas məqsədi bu il sentyabrın 10-15-də keçiriləcək 47-ci beynəlxalq “WorldSkills” yarışlarına milli komandamızın hazırlığını gücləndirmək, ölkəmizdə peşə təhsilinə marağın artırılmasına töhfə vermək və bu sahədə beynəlxalq təcrübə mübadiləsinə şərait yaratmaqdır.
İndiyə kimi aşpazlıq ixtisası üzrə 3 fərqli təsnifat mərhələsi baş tutub və 100-dən çox müraciət edən qeydiyyata alınıb. Sonrakı mərhələlərdə iştirakçıların nəzəri və praktiki biliklərini qiymətləndirən yarış keçirilib.
Sözügedən yarış “WorldSkills Azerbaijan” platforması tərəfindən təşkil edilən ilk beynəlxalq tədbirdir. Bu ev sahibliyi ilə ölkəmiz müvafiq sahədə bir ilkə imza atır.
Qeyd edək ki, “WorldSkills Azerbaijan” platformasının əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın “WorldSkills International” təşkilatına 85-ci üzv kimi qəbulu ilə qoyulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.
Yarış Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi və CASA Kulinariya Mərkəzinin dəstəyi ilə həyata keçirilir.