Tokio, 26 noyabr, /AJMEDIA/
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri ilə birgə artıq beşinci dəfə keçirilən “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində ilk Avropa milli geyimlərinin sərgisini təşkil edib.
AJMEDIA xəbər verir ki, sərginin məqsədi Azərbaycan tamaşaçısını əsrlərdən bizə gəlib çatmış Avropa ənənəvi geyimlər dünyası ilə tanış etməkdir.
Sərgi çərçivəsində Bolqarıstan, Çexiya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri müxtəlif tarixi dövrlərə aid adət-ənənələrini, Aİ ölkələrinin müxtəlifliyini və mədəni təcrübəsini əks etdirən milli geyimlərini təqdim ediblər.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko tədbirdə çıxış edərək bildirib: “Milli geyim millətin tarixinin əksidir. O, sosial-iqtisadi, mədəni-tarixi, təbii-coğrafi amillərin təsiri altında formalaşır. Məhz buna görə də milli geyim müxtəlif ölkələrin mədəniyyətini öyrənmək üçün mənbəyə çevrilir. Ümid edirik ki, sərgi Azərbaycan ziyarətçilərinə Aİ-yə üzv ölkələrin milli mədəniyyəti və folkloru haqqında daha çox məlumat əldə etməyə kömək olacaq”.