Bakıda “Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Tokio, 23 may , /AJMEDIA/

Mayın 23-də Dövlət Turizm Agentliyi tərəfindən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun tərəfdaşlığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda “Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AJMEDIA xəbər verir ki, konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Azərbaycanda ilk dəfə bu mövzuda tədbirin keçirilməsinin həm turizm, həm də mədəni irsimizin, tariximizin təbliği baxımından çox əhəmiyyətli olduğunu bildirib.

A.Hüseynova Dövlət Turizm Agentliyinin dəstəyilə tarixi qoruqlarda aparılmış elmi tədqiqatlar və arxeoloji qazıntılar, üzə çıxarılan nadir tapıntılar haqqında danışıb. O, konfransın Azərbaycanın irs abidələrinin turizmdə tətbiqi ilə bağlı faydalı fikir mübadiləsi aparılması, Azərbaycanın arxeoloji turizm potensialının tam reallaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olacağına inamını ifadə edib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda arxeoloji abidələrin, maddi-mədəni irsin araşdırılmasına böyük diqqət və qayğı göstərildiyini qeyd edib. Ölkəmizdə aparılan geniş arxeoloji qazıntı işləri nəticəsində Azərbaycanın qədim tarixinə aid yüzlərlə abidə və minlərlə maddi-mədəniyyət nümunəsi aşkar edildiyini, bu nümunələrin qorunduğunu bildirib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə paytaxtımızın tarixi mərkəzindəki qədim abidələrin, mədəni irsin qorunması istiqamətində tətbiq edilən yeni metodlar barədə məlumat verib. “Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi sayılan “İçərişəhər” və “Qala” qoruqları daim dövlətimizin diqqət mərkəzindədir. Şirvan-Abşeron memarlıq məktəbinin ən məşhur nümunəsi olan İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycan xalqının bəşər mədəniyyətinə töhfələr verdiyini bir daha təsdiqləyir. İdarə olaraq əsas məqsədimiz tarixi memarlıq abidələrinin özünəməxsusluğunu və uzunömürlülüyünü təmin etməkdir”, – deyə Şahin Seyidzadə vurğulayıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva qonaqlara ölkəmizdə mövcud arxeoloji memarlıq abidələri və onların mühafizəsi, bərpası istiqamətində görülən işlər haqqında məlumat verib.

İstanbul Universitetinin Arxeologiya fakültəsinin professoru Mehmet Özdoğan bu beynəlxalq konfransın təcrübə və bilik mübadiləsi baxımından səmərəli olacağını vurğulayıb.

Daha sonra Azərbaycanın arxeoloji irsinə həsr olunmuş qısa filmin nümayişi olub.

SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova Azərbaycanla Koreya arasında bütün sahələrdə mövcud olan dostluq əlaqələrindən söz açıb. O, xalqlarımız arasında mədəni əlaqələrin inkişafına mühüm töhfələr verən Assosiasiya tərəfindən ölkəmizdə və Koreyada müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, konfransın məqsədi arxeoloji turizm istiqamətində ən qabaqcıl təcrübələri öyrənmək və onların Azərbaycandakı abidələrdə tətbiq olunması yollarını müzakirə etməkdir.

Konfransda ABŞ, Böyük Britaniya, İtaliya, İsrail, Almaniya, Türkiyə və digər ölkələrdən 15-ə yaxın ekspert iştirak edir. Dünyanın aparıcı arxeoloji parklarının rəhbərləri və ICOMOS kimi beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı bu konfransda iki gün ərzində 20-dən artıq məruzə təqdim ediləcək.

Həmçinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində açıq havada “Eksperimental arxeologiya” mövzusunda sərgi-ekspozisiya təşkil olunacaq. Burada qoruğun ziyarətçiləri və turistlər Paleolit dövrünə aid çadırı seyr edərək, ibtidai insanların müxtəlif məşğuliyyətlərini əyani surətdə izləmək, daş, buynuz, ağac və s. materiallardan əmək alətlərinin hazırlanması, od əldə edilməsi yollarını təcrübədən keçirə biləcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts