Bakıda akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının təntənəli açılış mərasimi olub

Tokio, 10 mart , /AJMEDIA/

Martın 10-da Bakıda akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

AJMEDIA xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin paradı olub. Sonra idmançı, məşqçi və hakim heyətinin ədalət prinsiplərinə sadiq qalacaqlarına dair andiçmə mərasimi olub. İdmançıları Azərbaycan təmsilçisi Ağasif Rəhimov təmsil edib.

Açılış mərasimində çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov dünya çempionatının iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycanda idman siyasəti dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Müstəqil Azərbaycan tarixində ölkəmiz, xüsusilə paytaxt Bakı idmanın müxtəlif növləri üzrə mötəbər yarışları təşkil etməsi ilə yadda qalıb. Gimnastika növləri üzrə yarışların keçirilməsi də artıq ənənəyə çevrilib.

“Ötən illər ərzində Bakı bədii gimnastika, aerobika və batut gimnastikası üzrə dünya çempionatlarına ev sahibliyi edib. Bu gün isə akrobatika gimnastikası üzrə dünya çempionatına start verilir. Bu da Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq aləmdə fəal olmasından xəbər verir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya gimnastika növlərinin inkişafında görülən işlərə görə minnətdarlığımı bildirirəm”, – deyə nazir qeyd edib.

Gənclər və idman naziri Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəhbərliyinə və nümayəndələrinə, yerli təşkilat komitəsinin üzvlərinə, könüllülərə və əməyi olan hər kəsə çempionatın yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.

FIG-in prezidenti Morinari Vatanabe akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının Bakıda təşkil olunmasından məmnunluğunu ifadə edib. “Hazırkı vəziyyət heç də asan deyil. Son günlər dünyada baş verən ürək ağrıdan hadisələr və bundan əziyyət çəkən insanlara görə dərin təəssüf və kədər hissi keçirirəm. Ümid edirəm ki, bütün insanların sağlam və sülh şəraitində yaşayacağı gün tezliklə gələcək. Qlobal pandemiyanın hökm sürdüyü və müharibə ilə üzləşən bir qitədə dünya çempionatının keçirilməsi böyük məsuliyyətdir. Lakin seçim şansımız yoxdur və biz ciddi tədbirlərə riayət etməliyik. Bu, idmançılar və rəsmilər üçün daha çox təzyiqə səbəb olacaq. Lakin sizin dostluq və həmrəyliyimizi bütün dünyaya nümayiş etdirəcəyinizə inanıram”, – deyə FIG prezidenti bildirib.

Yerli təşkilat komitəsinə, könüllülərə və bu tədbirin həyata keçirilməsində əməyi olanlara göstərdikləri səylərə görə səmimi qəlbdən minnətdarlığını bildirən M.Vatanabe iştirakçılara uğurlar arzulayıb və 28-ci dünya çempionatını açıq elan edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasiminə bədii hissə ilə yekun vurulub.

Dünya çempionatına 17 ölkədən 170 gimnast qatılıb. Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüklərin mübarizəsində təmsil edəcəklər. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts