Bakı Enerji Həftəsi iyun ayından start götürür

Tokio, 20 aprel , /AJMEDIA/

Cari ilin iyunun 1-dən 3-dək Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsi keçiriləcək. Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Bərpa Olunan Enerji” Sərgisini, eləcə də “Xəzər Neft və Qaz” konfransının davamçısı olan Bakı Enerji Forumunu bir araya gətirir.
“Iteca Caspian” şirkətindən AJMEDIA-ya bildirilib ki, tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə keçirilir. Tədbirlərin təşkilatçıları “Iteca Caspian” və onun beynəlxalq tərəfdaşlarıdır.
“Xəzər Neft və Qaz” Sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. “Xəzər Neft və Qaz” Sərgisi UFI (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) beynəlxalq sərgi icmasının keyfiyyət nişanına malikdir.
Bu il ənənəvi “Xəzər Neft və Qaz” Sərgisi növbəti dəfə dünyanın müxtəlif ölkələrindən 250-dən çox şirkət arasından energetika sənayesinin liderlərini bir araya gətirəcək. İştirakçıların siyahısında Almaniya, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İsveçrə, İtaliya, MDB ölkələri, Norveç, Rumıniya, Rusiya, Türkiyə, Xorvatiya və Yaponiyanın şirkətləri daxildir.
Sərginin ekspozisiyası neft və qazın nəqli, hasilatı, innovativ texnologiyalar, texniki xidmət, kimya sənayesi istiqamətlərində yer tutacaq. Burada cari və perspektiv neft-qaz layihələri də müzakirə olunacaq.
Bu il Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi “Caspian Power” 10 illik yubileyini qeyd edir. Sərgi iştirakçıları sırasında Azərbaycan, Belarus, Böyük Britaniya, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı şirkətləri var. Sərgi əsasən enerji və elektrotexnika, alternativ və bərpa olunan enerji mənbələri, kabel və məftil məhsulları və işıqlandırmaya yönəlikdir.
Sərgiyə, həmçinin iyunun 1-dən 3-dək Bakı Ekspo Mərkəzində keçiriləcək əlavə tədbirlər daxildir. Bununla yanaşı, sərgi müddətində xarici və yerli istehsalçı və distribüterlərin iştirakı ilə ənənəvi B2B görüşlər keçiriləcək.
İyunun 2-dən 3-dək Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu keçiriləcək. “Xəzər Neft və Qaz” konfransı bu illər ərzində sənayenin üzləşdiyi əsas problemlərin müzakirəsi platforması olmaqla yanaşı, enerji sektorunda hər il keçirilən yüksək əhəmiyyətli tədbir statusunu qazanıb. Bu hədəfi davam etdirərək konfrans estafeti öz proqramını yeni enerji seqmentləri ilə genişləndirən Bakı Enerji Forumuna ötürüb. Forumun gündəliyinə plenar sessiyalar daxildir. Forumda, həmçinin Xəzər regionunda yeni hasilat imkanları, qaz xətləri marşrutları, neft emalı və neft-kimya layihələrinin maliyyələşdirilməsi nəzərdən keçiriləcək.
Nəticə etibarı ilə, sərgilər və forumlar ənənəvi olaraq sənaye liderləri ilə görüşmək, fəaliyyətdə olan texnologiya və xidmətləri nümayiş etdirmək, effektiv işgüzar əlaqələr yaratmaq, həmçinin yeni informasiya axını və texnologiyaları təqdim etmək imkanı verərək, neft və enerji sahələrində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts