AZƏRTAC-ın kollektivi Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısını minnətdarlıqla xatırlayır

Tokio, 12 dekabr , /AJMEDIA/

Ulu Öndər Heydər Əliyevin vəfatından 19 il ötür. Azərbaycan xalqı öz böyük oğlunun xatirəsini dərin ehtiramla yad edir. İnsanlar axın-axın Fəxri xiyabana gələrək Ümummilli Liderin məzarı üzərinə güllər düzür, Vətən və xalq qarşısındakı xidmətlərini minnətdarlıq duyğuları ilə xatırlayırlar.
AJMEDIA xəbər verir ki, dekabrın 12-də AZƏRTAC-ın kollektivi müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edib, önünə təzə-tər güllər qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, xatirəsi ehtiramla anılıb.
AZƏRTAC-ın inzibati binasında Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib.
Əvvəlcə Ümummilli Liderin AZƏRTAC-ın binasındakı abidəsi önünə gül dəstələri düzülüb.
Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi anılıb, dahi şəxsiyyətə həsr olunan videoçarx nümayiş etdirilib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev anım mərasimində çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən danışıb. Qeyd olunub ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlər tarixə dirçəliş, intibah illəri kimi yazılıb.
Vurğulanıb ki, Ulu Öndər çətin dövrlərdə həmişə xalqının yanında olub. 20 Yanvar faciəsi zamanı bu qanlı qırğına qarşı etiraz səsini ilk dəfə Heydər Əliyev ucaltdı. Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıda sovet ordusunun törətdiyi qırğın barədə həqiqətləri bütün dünyaya çatdırdı, qətliamın məsuliyyətinin bilavasitə SSRİ rəhbərliyinin üzərinə düşdüyünü bəyan etdi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda ölkəmizdə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. 1993-2003-cü illərdə Azərbaycanda milli dövlət quruculuğu prosesi əzmlə həyata keçirildi, nizami ordu formalaşdırıldı, ölkəmiz dinamik inkişaf yoluna qədəm qoydu.
Mərasimdə qeyd olunub ki, Heydər Əliyevin uzaqgörən siyasətini qətiyyətlə davam etdirən Prezident İlham Əliyev Ulu Öndərin başladığı bir çox işləri uğurla başa çatdırdı. Nəhəng transmilli layihələrin təşəbbüskarı olan Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuz düşməni darmadağın edərək torpaqlarımızın 30 illik işğalına son qoydu.
Sonra çıxış edən AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov, redaksiya müdiri Ceyhun Rüstəmov Ümummilli Lider Heydər Əliyevin KİV-ə verdiyi böyük önəmdən, mətbuat azadlığının təmin olunması istiqamətində atdığı qətiyyətli addımlardan, qəbul etdiyi qərarların əhəmiyyətindən söz açıblar.
Anım mərasiminə yekun vuran Vüqar Əliyev Ulu Öndərin AZƏRTAC-a göstərdiyi diqqət və qayğıdan, müasir dövrdə agentliyin qarşısında duran vəzifələrdən də bəhs edib. Vurğulayıb ki, fəaliyyətində yeni keyfiyyət mərhələsinə qədəm qoyan agentliyin dünya informasiya məkanında layiqli yer tutması, etimadı doğrultması, işini zamanın çağırışlarına uyğun qurması üçün kollektiv bütün qüvvə və imkanlarını səfərbər etməlidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts