“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Tokio, 12 may , /AJMEDIA/

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) Azərbaycanın kosmik sahədə qazandığı uğurları 30-cu Yaxın Şərqin kabel, peyk və yayım rabitə sərgisi – “Cabsat Mena 2024”də sərgiləyəcək.

AJMEDIA “Azərkosmos”a istinadla xəbər verir ki, beynəlxalq sərgi mayın 21-dən 23-dək BƏƏ paytaxtı Dubayda keçiriləcək. “Cabsat Mena” Yaxın Şərqdə aparıcı sənaye sərgisidir. Hər il bu sərgidə media sənayesindəki ən son nailiyyətlər nümayiş etdirilir. Bu, Yaxın Şərqdə beynəlxalq sənaye assosiasiyaları – Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU), Asiya – Sakit okean Yayım Birliyi (ABU – Asia – Pacific Broadcasting Union), Beynəlxalq Yayım İstehsalçıları Assosiasiyası (IABM) və Qlobal Peyk Forumu (GVF) tərəfindən dəstəklənən yeganə tədbirdir. Bu gün “Cabsat Mena” əhəmiyyətinə görə dünyada üçüncü ən böyük və regionda rəqəmsal media sahəsində ən mühüm hadisə hesab olunur. Bu il rəqəmsal media texnologiyaları və xidmətlərinin təchizatı üzrə ixtisaslaşan dünyanın aparıcı şirkətləri sərgidə səsyazma və oxutma avadanlığı, kompüter qrafikası, animasiya, onlayn oyunlar, mobil TV, rəqəmsal fotoqrafiya və kino, üçölçülü 3D texnologiyaları, RED texnologiyaları, çəkiliş və filmlərin montajı üçün alətlər, proqram təminatı, kabel də daxil olmaqla rəqəmsal medianın bütün spektri üzrə ən son məhsul və həlləri təqdim edəcəklər.

Sərgi çərçivəsində konfranslar və görüşlər keçiriləcəyi planlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts