Azərbaycanlıların Ermənistandan deportasiyasında məqsəd Qafqazın etnik simasını dəyişmək idi – AÇIQLAMA

Tokio, 1 noyabr , /AJMEDIA/

Qərbi azərbaycanlıların İrəvandan deportasiyası XIX əsrin 30-cu illərindən başlayıb. Çar Rusiyası erməniləri Qərbi Azərbaycana, xüsusilə İrəvan ətrafına köçürmək istəyəndə azərbaycanlıların öz doğma torpaqlarından zorla qovulması prosesinə start verilib. Məqsəd ermənilərə süni şəkildə dövlət yaradılması idi. Deportasiya prosesi XX əsrin sonlarına qədər davam etdi.

Əlbəttə, bu proses aparılanda bütün Azərbaycan ziyalıları, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edənlər məsələnin nə olduğunu bilirdilər, amma heç nə edə bilmirdilər.

Bu sözləri məxsusi müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Nizami Cəfərov Qərbi Azərbaycan toponimləri ilə bağlı danışarkən deyib.

O bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Dövlətimizin başçısı bununla torpaq, yurd həsrəti çəkən insanların arzularını reallaşdırdı. Qərbi azərbaycanlılar da öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Çünki bu, onların haqqıdır. Bununla əlaqədar Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının xüsusi modeli hazırlanıb, dövlətimiz bu istiqamətdə inamla və inadla mübarizə aparır.

Elmlər doktorunun sözlərinə görə, Rusiya imperiyası dağılandan sonra ermənilər azərbaycanlıların doğma torpaqlarından zorla çıxarılmasını XX əsrin əvvəllərində, daha dəqiq desək, 1917-1918-ci illərdə qətliamlar, soyqırımı şəklində həyata keçiriblər.

“Ermənilərə “meydan sulamaq” hüququ və imtiyazlar hələ 1905-ci ildə verilmişdi. O zaman Bakıya, Dağlıq Qarabağa, Şamaxıya köçürülmüş ermənilər bizim torpaqlara xüsusi əda ilə gətirilirdi. Məqsəd Qafqazın etnik simasını dəyişmək idi. Son nəticədə qudurub cızığından çıxan ermənilər bizə qarşı qiyam qaldırdılar. Bir sözlə, indiyədək böyük bir tarix yaşanıb.

Dırnaq arasında daha dinc hadisə isə 1940-cı illərin sonlarında baş verdi. Deportasiyanı mənim ailəm də yaşayıb. Mənim babam, atam Qərbi Azərbaycandan, Vedidən zorla qovulub. Babamın, atamın danışdıqları xatirimdə dərin iz buraxıb. Vedidən gələnləri Neftçalaya, Salyana yerləşdiriblər. Təbii ki, dağ yerindən gələn insanlar üçün həmin yerlərdə yaşamaq çətin olub, çox əziyyət çəkiblər. Burada da məqsəd insanların qürurunu, mənliyini, kimliyini sındırmaq, canlarından bezdirmək idi. Bu ağrını yaşamışıq. Sovetlər birliyi dağılandan sonra isə yeni və sonuncu köç başlandı. Bununla da azərbaycanlıların deportasiya prosesi ermənilər və onların havadarları üçün “uğurla” başa çatdırıldı”, – deyə Nizami Cəfərov qeyd edib.

Elmlər doktoru vurğulayıb ki, tarix heç nəyi unutmur və tarixin yazdıqlarını heç nə ilə silmək mümkün deyil.

O, əminliyini ifadə edib ki, Qərbi azərbaycanlılar da tezliklə öz tarixi torpaqlarına qayıdacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts