Tokio, 11 iyul , /AJMEDIA/
Bakı Slavyan Universitetinin (BSU) nəzdindəki Məktəb-Lisey Kompleksində orta təhsilini fərqlənmə ilə bitirən Şəms Humay Nəsibzadə bir-birinin ardınca Avropanın və ABŞ-ın bir neçə universitetinə yüksək təqaüdlə qəbul təklifi alıb.
AJMEDIA xəbər verir ki, o, əldə etdiyi uğurlarla həm müəllimlərini, həm valideynlərini, həm də onu tanıyanları sevindirib. Belə ki, ABŞ-ın Florida Beynəlxalq Universiteti (100 faiz təqaüd), Sent-Luis Universiteti (200 min dollarlıq vitse-prezident təqaüdü), Kent Dövlət Universiteti, Cənubi Florida Universiteti (Qızıl prezident təqaüdü) və Arizona Universiteti, Finlandiyanın Oulu Universiteti (60 faiz təqaüd) və LUT Universiteti, Litvanın Vilnüs Gediminas Texniki Universiteti, Çexiyanın Çarlz Universiteti, Türkiyənin Boğaziçi Universiteti (100 faiz) təqaüdlə öz qapılarını 16 yaşlı azərbaycanlı yeniyetmənin üzünə açıb. Şəms Humayın seçimi isə Türkiyənin Boğaziçi Universitetinin kompüter mühəndisliyi fakültəsi olub.