Azərbaycanlı alim: Vətən müharibəsindən sonra diasporumuz qarşısında yeni hədəflər dayanır

Tokio, 10 iyun , /AJMEDIA/

Tokio şəhərində Yaponiyada yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildirilib ki, Azərbaycanın və Yaponiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə açılış nitqi ilə çıxış edən ölkəmizin Yaponiyadakı səfiri Gursel İsmayılzadə bu ölkədə yaşayan Azərbaycan icmasının bir araya gəlməsinin əlamətdar hadisə olduğunu bildirib. Qeyd edib ki, həm Dövlət Komitəsi, həm də səfirlik hər zaman soydaşlarımızı dinləməyə, onları maraqlandıran sualları cavablandırmağa hazırdır.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntər Vətən müharibəsindən sonra Azərbaycan diasporu qarşısında yeni hədəflərin dayandığını, bu toplantının həmin hədəflərə çatmaq istiqamətində mühüm addım olduğunu vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor siyasəti, gerçəkləşdirilən irimiqyaslı layihələr, o cümlədən Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri, komitənin xarici ölkələrdə təşkil etdiyi ixtisaslaşmış forumlar və sair haqqında ətraflı məlumat verib. Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladan komitə sədri dünya azərbaycanlılarının, o cümlədən Yaponiyadakı icmamızın azərbaycançılıq ideologiyasına sadiq qaldıqlarını, Azərbaycan həqiqətlərinin təbliğində fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Sonra diaspor fəaliyyətində xidmətlərinə görə Xəlil Kələntərə və Minarə Şükürovaya təşəkkürnamələr təqdim edilib.

Görüş icma üzvlərini maraqlandıran sualların cavablandırılması və gələcək planlar haqqında fikir mübadiləsinin aparılması ilə başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts