Azərbaycanla NATO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Tokio, 29 iyul , /AJMEDIA/

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev NATO-nun Gürcüstandakı Əlaqələndirmə Ofisinin rəhbəri Aleksander Vinnikov ilə görüşüb.
AJMEDIA xəbər verir ki, Azərbaycan səfirliyində keçən görüşdə Azərbaycan-NATO əlaqələrinin inkişaf perspektivləri diqqət mərkəzində olub.
Səfir F.Quliyev deyib ki, Azərbaycanın NATO ilə əlaqələri ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurla inkişaf edib.
Onun sözlərinə görə, Azərbaycanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı bölgə və qlobal təhlükəsizliyə töhfə verir.
Son dövrlər regionda cərəyan edən proseslərdən danışan diplomat, bölgədə postmünaqişə vəziyyətinin açdığı imkanlar və Azərbaycanın bu istiqamətdə atdığı uğurlu və ədalətli addımlar barədə məlumat verib.
Əlaqələndirmə Ofisinin rəhbəri A.Vinnikov NATO-nun Baş katibinin Azərbaycan Respublikasının Prezidenti ilə vaxtaşırı təmaslarının mühüm rol oynadığını vurğulayıb.
O, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın regiona son səfərinin də uğurlu olduğunu məmnunluqla xatırladıb.
Bildirib ki, bölgədə cərəyan edən proseslər NATO tərəfindən diqqətlə izlənilir, postmünaqişə dövründəki barış prosesləri dəstəklənir.
Görüşün sonunda gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminlik ifadə olunub.
Səfir qonağa aparıcı gürcü alimlərinin müəllifi olduğu “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitabı hədiyyə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts