Tokio, 6 noyabr , /AJMEDIA/
Bu dünya əzəldən belə olub: Vətənini, torpağını sevən, göz bəbəyi kimi qorumağı bacaran millət gec-tez öz haqqını alır, varlığını bütün aləmə nümayiş etdirir. Vətənimiz Azərbaycanın başı çox bəlalar çəkib. Tarix boyu qədim şəhər və kəndlərimiz, cənnətməkan ərazilərimiz düşmən hücumlarına, qanlı-qadalı basqılara məruz qalıb.
AJMEDIA xəbər verir ki, bu fikirlər Sumqayıt İnzibati Məhkəməsinin hakimi Leyla Mirzəyevanın “Azərbaycanın yeni tarixində unudulmaz 44 gün” sərlövhəli yazısında yer alıb. Müəllif yazır:
“Ötən əsrin 90-cı illərinin əvvəllərində Vətənimizin 20 faiz torpaqlarını işğal edən, 30 ilə yaxın bu ərazilərdə vandallıq törədən ermənilərin burnu İkinci Qarabağ müharibəsində əzildi, igid oğullarımızın qəhrəmanlığı sayəsində Azərbaycan çətin sınaqdan uğurla çıxaraq adını tarixə qalib ölkə kimi yazdı. İndi bütün dünya Azərbaycandan danışır, 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun zəfər yürüşündən, böyük şücaətindən bəhs edir. Bəli, qəhrəman Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27–dən noyabrın 10-dək azğın düşmənə qan uddurdu! Nəhayət ki, ərazi bütövlüyümüzün bərpasına nail olduq. 44 günlük Vətən müharibəsində hər bir azərbaycanlının arzuları çin oldu, sevinci yerə-göyə sığmadı.
Bu məqamda Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə Şuşaya səfərlərindən birində söylədiyi bu sözlər yada düşür: “Qırx dörd günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir”.
Torpaqlarımızın 20 faizinin işğal altında olduğu vaxtları yada salaq: gözümüzün biri güləndə, o biri ağlayırdı. Şuşadan, Laçından, Kəlbəcərdən… söz düşəndə qeyri-ixtiyari başımızı aşağı salır, ürək dolusu danışa bilmirdik – qəhər boğurdu hamımızı. Şükürlər olsun ki, bu gün böyük sevinc içindəyik, çünki qalib xalqın övladlarıyıq!
Əlbəttə, İkinci Qarabağ müharibəsində Qələbəmiz asanlıqla qazanılmadı. Torpaqlarımızı dinc yolla geri qaytarmaq fikrində olmayan, bizim sülh çağırışlarımıza qulaq asmaq istəməyən düşmən onilliklər ərzində ərazilərimizi – şəhər və kəndlərimizi yerlə-yeksan edərək özlərinə istehkamlar qurmuş, strateji yüksəkliklərdə lövbər salmışdı. Onlar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu maneələri heç cür yarıb keçə bilməz. Amma Müzəffər Ali Baş Komandanımızın söylədiyi kimi, biz danışıqlar yolu ilə yox, döyüş meydanlarında qan tökərək, qurbanlar verərək, fədakarlıq göstərərək, öz ərazi bütövlüyümüzü bərpa etdik, milli ləyaqətimizi bərpa etdik.
Noyabrın 8-də Qələbəmizin ikinci il dönümünü qeyd edəcəyik. Zəfəri Günü ərəfəsində böyükdən-kiçiyədək hamımızın qəlbi iftixar hissi ilə döyünür. Bir də, ürəklərdə sonsuz minnətdarlıq hissi var. “Qarabağ Azərbaycandır!” deyəndə, ilk növbədə, qəhrəman igid oğullarımızı – şəhidlərimizi, qazilərimizi yada salır, onların keçdiyi döyüş yollarını gözümüzün önünə gətiririk. Yaxın keçmişimiz ilə bağlı qələbə soraqlı günlərin xatirələri bizi bir daha doğma Vətənə, xalqa yeni tellərlə bağlanmağa, sevimli Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha böyük inamla birləşməyə səsləyir.
Tanrı gözəl Azərbaycanımızı, böyük millətimizi qorusun!
Sən ölkələr yaraşığı,
Hər tərəfin cənnət bağı.
Düşmənlərə sinə dağı,
Azərbaycan!